“Nizaminin evi” adlanan tikili Gəncədə, Bala Bağmanda, İsmət Qayıbov küçəsində, üçüncü döngə, ev, 10 ünvanında yerləşir. Ev 1982-ci ildə memar Fərman İmamquliyevin layihəsi əsasında inşa edilib. Bina və onun həyəti şair Nizami Gəncəvinin həyatından, yaradıcılığından bəhs edən “Nizami” bədii filminin çəkilişi üçün tikilib.
Şair Nizami Gəncəvinin evi qədimdə Köhnə Gəncə ərazisində yerləşib. Gəncənin bir neçə dəfə köçürülməsi səbəbindən evin ilkin forması məlum deyil. Sadıq Şükürov “Gəncənin tarixi abidələrindən” kitabında bu haqda belə yazıb: “Gəncə şəhəri təbii, ictimai fəlakətlər zamanı bir neçə dəfə yerini dəyişsə də, namus, qeyrət mucəssəməsi olan gəncəlilər “Şeyxlər şeyxinin” (Nizami Gəncəvinin) ocağını, evinin formasını, çox güman ki, itib-batmağa qoymamışlar”.
Fərman İmamquliyev şairin evini, onun yaşadığı dövrə uyğun etmək üçün XII əsrə aid memarlıq üslubunda inşa etdirib.Tikili kürsülüdür (mərtəbəyarım). Bina qırmızı kərpicdən tikilib. Evin hasarı qırmızı kərpic və çay daşlarındandır. Tikilinin şəbəkəli pəncərələri və taxta qapıları var. Bu evi inşa edəndə müxtəlif ərazilərdə köhnə binaları söküb, onların iri kərpiclərindən istifadə ediblər ki, bina XII əsrə aid tikililərə bənzəsin.
SSRİ xalq artisti Müslüm Maqomayev, Nizami obrazını məhz bu evdə canlandırıb. Tikilinin həyətində “emalatxana”, “su quyusu”, “təndir”, “at tövləsi” kimi dekorasiyalar da mövcud olub.
Bina 1984-cü ildə Nizami Gəncəvinin ev-muzeyi statusunu alıb. Lakin sonradan baxımsızlıqdan yararsız hala düşüb. Bu səbəbdən Nizaminin ev-muzeyi eksponatlarla birgə şəhərin Qızılhacılı məscidinə köçürülüb.
View this post on Instagram
Mənbələr:
- Gəncənin maddi mədəniyyət abidələri. Bakı-2004.
- Sadıq Şükürov. Gəncənin tarixi abidələrindən. Gəncə-1998.
- https://www.youtube.com/watch?v=69aUpxDsmMI
- https://525.az/news/164931-gencedeki-nizaminin-evinin-berpasi-gozlenilir
- https://medeniyyet.az/page/news/57262/Gencede-Nizaminin-evi-berpa-olunacaq.html?lang=az