19 C
Gence
19 C
Gence

Nigar Rəfibəyli və Rəsul Rzanın sevgi hekayəsi

Gəncəli şairə Nigar Rəfibəyli və şair Rəsul Rza 1930-cu ildə Maarif Evində tanış olurlar, müxtəlif ədəbiyyat məclislərində qarşılaşırlar. 1932-ci ildə onlar eyni zamanda Moskva Ədəbiyyat İnstitutuna təhsil almağa yollanırlar. Orada Nigar Rəfibəyli və Rəsul Rza daha tez-tez qarşılaşır və bir-birinə aşiq olurlar.

1937-ci ildə onlar Bakıya dönüb, ailə qururlar. Nigar xanım və Rəsul Rzanın toyu yaşadıqları evdə keçirilir. Nigar Rəfibəyli bəy qızı olduğu üçün sovet hökuməti tərəfindən təqib olunurdu və adı Mircəfər Bağırova verilən siyahıda var idi. Lakin ehtimal edilir ki, Nigar xanımı Rəsul Rzaya görə sürgün etməyiblər.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Rəsul Rza cəbhəyə yollanır. Nigar Rəfibəyli şair Səməd Vurğunun yanına gedir və deyir: “Mən də cəbhəyə getmək istəyirəm!”. Səməd Vurğun isə ona zarafatla cavab verir: “Ay Nigar, mən indi bir batalyonu hardan tapım ki, səni cəbhədə müşayiət eləsin?”. Bu vaxtlar Nigar xanım Rəsul Rzaya “Neyləyim” şeirini yazır:

Ala gözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur, neyləyim?

Bağçamızda qızıl güllər hər səhər

Tezdən açır, vaxtsız solur neyləyim?

Bu evlilikdən onların üç övladı olur. Onlardan biri  Xalq yazıçısı Anar Rzayevdir.

1981-ci ildə Rəsul Rzanı yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirirlər. Nigar xanıma da xərçəng diaqnozu qoyurlar. Həkimlər müalicə üçün onu Moskvaya aparmağı məsləhət görürlər. Oğlu Anar bu xəbəri Rəsul Rzaya verir. Rəsul Rza Nigar xanımla Moskvaya getmək üçün hazırlaşmağa başlayır. Lakin həyəcandan təzyiqi yüksəlir və o, dünyasını dəyişir.

Rəsul Rzanın vəfat etdiyini Nigar xanıma söyləmirlər. Nigar xanım xəstəxanada ikən təəccüblənirdi ki, Rəsul niyə ona zəng vurmur. Ona Rəsul Rzanın təzyiqinin yüksək olduğunu və həkimlərin telefonu palatadan çıxartdıqlarını deyirlər. 23 iyun Nigar xanımın ad günündə Anar bəy ona böyük bir yasəmən dəstəsi alıb aparır və deyir: “Rəsul bu gülləri Mərdəkandan sənə göndərib”.

Bir müddət sonra həkimlər onun xəstəliyinin əlacsızlığını deyirlər. Nigar xanımı evə gətirirlər. O, evə gələn kimi: “Mənim qara paltarımı gətirin“,- deyir. Nigar xanım sanki Rəsul bəyin yoxluğunu hiss edir, yas saxlayır. Bir həftə sonra isə vəfat edir.

Mənbələr:

  1. https://kulis.az/news/31666
  2. https://kulis.az/xeber/media/Daxmada-ail-quran-oglunun-verdiyi-xbrdn-dunyasini-dyisn-olumu-hyat-yoldasindan-axiracan-gizldiln-colorredXalq-sairicolor-30790
  3. https://www.youtube.com/watch?v=SL6VpPSbsb8
  4. https://news.milli.az/interest/594395.html

Ən Çox Oxunan