20.8 C
Gence
14.5 C
Ganja

İndiki Gəncənin I Şah Abbas tərəfindən salınması

Gəncə əvəllər başqa ərazidə, indiki şəhərdən 6-7 km şimal-şərqdə yerləşib, lakin onun yeri dəyişdirilmişdir. Bu haqda müxtəlif fikirlər mövcud olub.

Qədim Gəncə 1139-cu ildə olan zəlzələ nəticəsində dağılmışdır. Şəhər bu fəlakətdən sonra köhnə yerindən biraz şərqdə salınmışdır. Həmçinin 1231-ci ildə monqol istilası və 1588-ci ildə osmanlıların Gəncə qalasını köhnə qaladan bir neçə kilometr uzaqda tikməsi, şəhərin yer dəyişməsinə səbəb olmuşdur. Lakin şəhərin indiki yerində salınması qərarı, səfəvi hökmdarı I Şah Abbas tərəfindən qəbul edilib.

Tarixçi M.M.Altman “Gəncə şəhərinin tarixi oçerki” əsərində şəhərin yer dəyişməsi haqda yazmışdır: “Bunu başa düşmək lazımdır ki, I Şah Abbas, monqolların Gəncəni dağıtdıqları vaxt başlamış, köçürülməni sürətləndirmişdi. Daha doğrusu, I Şah Abbasın əmri ilə gəncəlilər, xeyli əhalisi olan, 1588-ci ildə osmanlı sərkərdə Fərhad paşanın qala tikdirdiyi əraziyə köçürüldülər”.

1606-cı ildə Şah Abbas Gəncə qalasını (indiki Gəncənin mərkəzi) ələ keçirdikdən sonra meydan saldırır. O, burada Şah Abbas məscidini, Çökək hamamı, Şah Abbas karvansarayını, həmçinin bazarlar, körpülər tikdirir və Gəncə əhalisini təzə saldığı şəhərə köçürməyə başlayır.

Fərrux Əhmədov “Gəncənin tarixi yaddaşı” kitabında yazır: “Şah (I Abbas – F.Ə) Gəncə şəhərini köhnə yerindən köçürüb, bir ağac (təxminən 7 km-ə yaxın) yuxarıda olan indiki yerində bina etdirdi. Buradakı meydan, məscid, və karvansaray… Şeyx Bəhəddin Məhəmməd Amilinin planı üzrə tikilib…”.

Bəzi məlumatlara görə, Şah Abbas şəhəri Abbasabad adlandırmışdır, lakin əhali şəhərin köhnə adını – Gəncəni qoruyub saxlamışdır. Təzə şəhərin artıq XVII əsrin ortalarında Gəncə adlanması rus səyyah Arseni Suxanovun “Proskinitariya” əsərindən məlum olur. Həmçinin bu əsərə əsaslanan tədqiqatçılar, Gəncənin tam yeni yerində salınmasını qeyd edirlər.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. М. М. Альтман. Исторический очерк города Гянджа. Баку-1949.
  2. Gəncə tarixinin aktual problemləri. Gəncə-2010.
  3. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  4. Л. Бретаницкий, А. Саламзаде. Кировабад. Moсква-1960.