Nəsib bəy Yusifbəyli 1902-ci ildə pedaqoq və siyasətçi İsmayıl Qaspıralının qızı Şəfiqə xanımla tanış olur və onlar bir-birinə vurulurlar. Həmin vaxt Nəsib bəy Yusifbəylinin uşaqlıq dostu Nəriman Nərimanov Şəfiqə Qaspıralıya evlənmək təklif edir.
Bundan sonra Nəriman Nərimanov Nəsib bəy Yusifbəylini sevdiyi xanıma görə duelə çağırır. Duel baş tutur. Nərimanovun atdığı güllə Nəsib bəyə dəymir. Nəsib bəy Yusifbəyli isə sıra ona çatanda, silahını ataraq deyir: “Mən əlimi azərbaycanlı qanına batırmaram!”
Dueldən xəbər tutan Şəfiqə xanım Nəsib bəyi seçir. 1906-cı ildə Yusifbəyli və Şəfiqə xanım ailə qururlar və bu evlilikdən onların iki övladı olur.
Nəsib bəy 1909-cu ildə Gəncəyə qayıdır, lakin daim xanımına məktublar yazır. 1912-ci ildə Şəfiqə xanım uşaqları ilə Gəncəyə gəlir. Burada Nəsib bəylə Şəfiqə xanımın arasında anlaşılmazlıq baş verir. Səbəbi bilinməyən anlaşılmazlıqdan sonra Şəfiqə xanım uşaqları ilə yenidən Krıma qayıdır.
1913-cü ildə Nəsib bəy Şəfiqə xanımın rəfiqəsi Eynülhəyat Beişeva ilə evlənir. Bunu bilən Şəfiqə xanım ondan boşanır. Lakin Nəsib bəy yenə də Şəfiqə xanıma məktublar yazır, ondan üzr istəyir və hər ikisinin də günahı olduğunu vurğulayır.
Daha sonra Nəsib bəy Eynülhəyat xanımdan da ayrılır. 1917-ci ildə Şəfiqə xanım uşaqları ilə yenidən Azərbaycana gəlir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Nəsib bəy ailəsini Bakıya gətirir.
31 may 1920-ci ildə ölkəni tərk edərkən Nəsib bəy Yusifbəyli yolda qətlə yetirilir. Şəfiqə xanım və uşaqları isə bundan xəbərsiz olur. Bir neçə gün sonra Nəsib bəyin ailəsi Filarmoniya ilə üzbəüz binadakı mənzillərindən qovulur. Şəfiqə xanım xeyirxah insanların köməyi ilə kiçik evdə yaşayır, sonra isə Türkiyəyə köçür. Ehtimal edilir ki, bu xeyirxah insan Nəriman Nərimanov olur. Şəfiqə xanım Türkiyədə bir müddət mənbəyi bilinməyən maddi yardım da alır. Amma Nəriman Nərimanovun ölümündən sonra bu yardım dayanır.
Şəfiqə xanımın Nəsib bəy haqqında gündəliyində etdiyi qeyd: “Nəsib, hardasan? Suda, ya torpaqdasan? Heç nə bilmirəm. Harda olursan ol, ətrafın nurla dolsun. Səni çox sevirəm”. Nəsib bəyin ölüm xəbərini duyan Şəfiqə xanım sarsılır və o, ömrünün sonunadək Nəsib bəyə sadiq qalır.
Mənbələr:
- Qəhrəmanlı Nazif Ələkbər oğlu. Nəsib bəy nümunəsi. Bakı-2008.
- https://www.youtube.com/watch?v=AUmXzLO2lCw
- https://www.youtube.com/watch?v=baw8qCcl0no
- https://m.modern.az/az/news/50705
- https://news.milli.az/interest/953968.html
- https://kulis.az/news/37796