13 C
Gence
13 C
Gence

Muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilən Həsən bəy Ağayev

Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev 1875-ci ildə Gəncədə anadan olub.

O, orta təhsilini Gəncədəki klassik gimnaziyada alıb, Hacı Zeynalabdin Tağıyevin maddi köməkliyi ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olub və 1901-ci ildə oranı bitirib. Həsən bəy Gəncədə həkimlik fəaliyyəti ilə yanaşı, qəzet və jurnallarda məqalələr də dərc etdirib. O, “Hümmət” təşkilatının tapşırığı ilə “Silk, sinif, firqə” kitabçasını Azərbaycan dilinə tərcümə edib. Həmin kitabçanın nəşrinə görə təqiblərə məruz qalan Ağayev İrana mühacirət edərək, bir müddət orada yaşayıb.

Qayıtdıqdan sonra Ağayev Gəncədə rus dilində çıxan “Yujnıy Kavkaz” qəzetinin redaktoru olub. O, 1914-cü ilin sonlarında Xudadat bəy Rəfıbəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyəti yaradıb. Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə yaradılmış “Türk Ədəmi-Mərkəziyyət Partiyası”nın yaradıcılarından biri də Həsən bəy idi.

Ağayev 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanları qurultayında iştirak etmiş və Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsinin ardıcıl tərəfdarlarından olmuşdur. “Müsavat” partiyasının 1917-ci ilin oktyabrında keçirilmiş birinci qurultayında Həsən bəy partiyanın mərkəzi komitəsinin üzvü, sonra isə Ümumrusiya Müəssisələr Məclisinə nümayəndə seçilmişdir.

Zaqafqaziya seymində Müsəlman fraksiyasının üzvü olan Həsən bəy bütün tədbirlərdə fəal iştirak etmişdir. Zaqafqaziya seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdikdən sonra Ağayev Şura sədrinin müavini seçilmişdi. Şuranın 1918-ci il mayın 28-də Tiflisdə

keçirilmiş təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq, Həsən bəy Ağayev imzalamışdır.

Azərbaycan Parlamentinin 1918-ci ilin dekabrında Bakıda açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışıb. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında Həsən bəy Parlament sədrinin birinci müavini seçilib. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından rəhbərliyi Həsən bəy həyata keçirib. O, 1919-cu ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilib və 2 fevral 1920-ci ilə qədər ona rəhbərlik edib.

Aprel işğalından (1920) sonra Həsən bəy Ağayev Tiflisə mühacirət edib. O, 19 iyun 1920-ci ildə

muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilib və Tiflisin müsəlman qəbiristanlığında dəfn  olunub.

Mənbələr:

  1. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: I cild. Bakı-2004.

Ən Çox Oxunan