20.6 C
Gence
20.6 C
Gence

Musiqi təhsili olmayan gəncəli bəstəkar: Ələkbər Tağıyev

Ələkbər Tağıyev 28 aprel 1924-cü ildə Gəncədə anadan olub.

Ələkbər Tağıyev musiqi təhsili olmadan “Sən gəlməz oldun”, “Axtarma məni”, “Dinə bilmədim”, “Xızı dağları”, “Bakı gecələri”, “Azərbaycanım mənim”, “Sənə qurban”, “Sədaqətim var”, “Təki sən səslə məni”, “Mənim dünyam” kimi mahnılar bəstələyib. Onun mahnılarının bir çoxunu Zeynəb Xanlarova və Nisə Qasımova ifa ediblər. Bəstəkarın “Sən gəlməz oldun”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları türk, rus və erməni müğənnilərinin repertuarına daxil olub, müxtəlif filmlərdə istifadə olunub.

O, ilk təhsilini Gəncədə alıb. Ələkbər Tağıyev məktəbdə oxuyanda yaşını iki il artırıb ki, məhkəmədə kuryer vəzifəsinə işə düzəlsin. 1938-ci ildən Şəhər Xalq Məhkəməsində işləməyə başlayıb. Daha sonra o, Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib və 1974-cü ilə qədər 36 ilə yaxın prokurorluq orqanlarında çalışıb.

Ələkbər Tağıyev erkən yaşında evlənib. Onun bu evlilikdən ilk övladı astma xəstəliyindən vəfat edib. Ələkbərin sonra iki qızı anadan olub. Bu qızlardan sonra Tağıyevin bir qızı da anadan olub, lakin o da dünyasını dəyişib.

Uşaqlarının ölümünündən sonra məyus olmuş Ələkbərə, yaxınları falına və onun oğlunun olub-olmayacığına baxdırmağı təklif edirlər. Ələkbər Tağıyev təklifi qəbul edir və ona deyirlər ki: “Sənin Allahdan oğul payın var, narahat olma, oğlun olacaq. Amma adını Xaliq qoymalısan. Özü də uşaq anadan olandan sonra Allahdan sənə vergi veriləcək, sən çox məşhur, varlı adam olacaqsan“. 1958-ci ildə Tağıyevin oğlu dünyaya gəlir və onun adını Xaliq qoyur.

Oğlu doğulandan sonra, Ələkbər Tağıyev Göy-gölü seyr edən zaman musiqi zümzümə etməyə başlayır. Musiqini nota köçürüb dostu Qəmbər Hüseynliyə göstərir və uşağın qırx günü tamam olmamış Ələkbər Tağıyev ilk mahnısı “Qonşu qız”ı bəstələyir.

Ələkbər Tağıyev 1962-1964-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursunda təhsil alıb. Bundan sonra o, SSRİ Musiqi Fondunun üzvü seçilib.

Ələkbər Tağıyev 16 aprel 1981-ci ildə vəfat edib və Maştağada “Seyidlər” qəbiristanlığında dəfn edilib.

 

Mənbələr:

  1. https://news.milli.az/culture/66658.html
  2. https://www.youtube.com/watch?v=tp8AVZ_JSnw
  3. https://kulis.az/news/30028
  4. https://web.archive.org/web/20160305011411/http://lent.az/news/news/74094

Ən Çox Oxunan