24.7 C
Gence
24.7 C
Gence

Mirzə Abbas Abbaszadə: əlifba tədrisində tayı-bərabəri olmayan müəllim

Mirzə Abbas Abbaszadə 12 mart 1870-ci ildə Gəncədə, Ozan məhəlləsində, ruhani ailəsində anadan olub.

Mirzə Abbas Bakıda Azərbaycan müəllimlərinin birinci qurultayında Gəncədən nümayəndə seçilmişdir. O, ərəb qrafikalı Azərbaycan əlifbasını sadələşdirməyi təklif etmişdi və əlifba dərsliyi yaratmışdı. Kitabın ön vərəqində “Yelizavetpol” əvəzinə “Gəncə” yazılmasına nail olmuşdu. Bu dərslik Gəncə quberniyasının və digər ölkələrin məktəblərində istifadə edilirdi. Şair Əhməd Cavad bu kitabı “türk dünyasının birinci əlifbası”, Mirzə Abbası isə “əlifba tədrisində tayı-bərabəri olmayan” müəllim adlandırmışdı.

Abbaszadə ilk təhsilini atasından alıb. Sonra Gəncə mədrəsəsinə daxil olub və pedaqoq Mirzə Xəlil Şeyxzamanov və Molla Hüseyn Pişnamazzadədən dərs alıb. Sonra isə özü müəllimliyə başlayıb, bir il atasının açdığı məktəbdə çalışıb.

Mirzə Abbas 1893-cü ildə İran, İraq, Özbəkistan və Türkiyəni gəzib, Xorasanda və Səmərqənddə din xadimlərindən dərs alıb.

1894-cü ildə Mirzə Abbas Gəncəyə qayıdır və şəhər məktəbində işləmək üçün Tiflisə gedib, gimnaziyada imtahandan keçib. O, Tiflisdə pedaqoq Aleksey Çernyayevski ilə görüşüb. Çernyayevski Abbaszadəyə “Fikir” qəzetinin Gəncə müxbiri olmasını tapşırılıb. Gəncədə Mirzə Abbas ana dili və şəriətdən dərs deyib. O, burada bazar günü və axşam fəaliyyət göstərən kurslarda 14-45 yaş arası sakinlərə pulsuz dərs keçib.

1898-ci ildə Gəncənin Bağmanlar yaşayış sahəsində ilk rus-tatar məktəbində Mirzə Abbas dərs deyib. O, “Birinci il. Əlifba” dərsliyini hazırlayaq 1900-cü ildə Gəncədə çap etdirib.

Abbaszadə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təşkilində və Bakıda fəaliyyət göstərən “Nicat” və “Nəşri-maarif” cəmiyyətlərinin Gəncə şöbələrinin açılmasında iştirak edib.

Mirzə Abbasın “Əlifba”, “Şəriət dərsi” və “Arvad ağısı” folklor toplusu kitabları nəşr edilib. “Arvad ağısı” toplusu 2004-cü ildə “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından təkrar çap olunub.

1920-ci ildə Mirzə Abbas Abbaszadə bolşeviklər tərəfindən Gəncədə, evində güllələnib. Mirzə Abbas Zərrabi məscidinin həyətində dəfn olunub, lakin 1936-cı ildə onun məzarı Səbiskar qəbiristalığına köçürülüb.

 

Mənbələr:

  1. Kaspi. -2016. 24-26.dekabr. S.24.
  2. https://medeniyyet.az/page/news/20136/Milli-maarifciliyin-fedakarlari:-Mirze-Abbas-Abbaszade.html
  3. https://www.youtube.com/watch?v=NFs8xxzrZn4

Ən Çox Oxunan