Allahdad məhəlləsi Gəncə qalası ərazisində, Gəncəçayın sol sahilində yerləşib. Məhəllə şimaldan və qərbdən Zərrabi məhəlləsi, şərqdən Gəncə çayı, cənubdan Şəhristanın qala divarları ilə əhatə olunub.
Allahdad məhəlləsinin XIV əsrdə Gəncənin köhnə yerində salınması ehtimal olunur. Deyilənlərə görə, məhəllənin adı Əmir Teymurun sərkərdəsi Allahdadın adı ilə bağlıdır. Tarixi mənbələr Əmir Teymurun 1386-cı ildə Gəncəyə hərbi səfər etdiyini bildirir. O zamanlar Gəncədə Qaraqoyunlular hakimiyyətdə idilər. Ehtimal olunur ki, Teymurləng Qaraqoyunluları Gəncədən qovub, şəhərin hakimiyyətini isə sərkərdəsi Allahdada tapşırıb.
Allahdad məhəlləsinin XVI əsrdə Osmanlılar tərəfindən dağıdılması güman edilir. Gəncənin yerdəyişməsindən sonra Allahdad məhəlləsi təzə şəhərə köçürülmüş məhəllələrdən biri idi. Lakin Gəncə xanlığının çar Rusiyası tərəfindən işğalından sonra bu məhəllə ləğv edilmişdir.
Məhəllənin ərazisində bir vaxtlar eyniadlı arx yerləşib. Başlanğıcını Qızıl Qayadan götürən bu arx sərkərdənin hakimiyyəti dövründə çəkilib. Arxın suyundan indiki Samux rayonunun ərazisində yerləşən Çobanabdallı, Lək kəndlərinin sakinləri də istifadə edirdilər. Tarixçi İshaq Cəfərzadənin “Köhnə Gəncənin tarixi-arxeoloji oçerki” əsərində Allahdad arxı haqqında qeydlərə rast gəlinir. Onun sözlərinə görə, bu arx Gəncəçayın sol sahilində yerləşən bağların sulanması üçün Gəncə əhalisi tərəfindən hələ orta əsrlərdə istifadə olunub. Allahdad arxı 1950-ci illərə kimi mövcud olub.
Mənbələr:
- Джафарзаде И.М. Историко-археологический очерк Старой Гянджи. Баку-1949.
- Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.
- Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.