24.7 C
Gence
24.7 C
Gence

İmam oğlunun “Cənnət bağı”: Gəncənin İmamzadadə türbəsi

İmamzadə türbəsi, İmamzadə ziyarətgah kompleksində, Gəncə şəhərindən təqribən 7 km aralıqda, Qədim Gəncə xarabalıqlarında, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Türbənin ətrafında məscid, karvansaray tipli evlər, köməkçi binalardan ibarət dini kompleks yaradılmışdır.

Bəzi mənbələr memarlıq quruluşuna görə, türbəni XIV-XV əsrlərə aid edirlər. Lakin, türbənin iç divarına hörülmüş ərəb dilində kitabədə abidənin 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahimin vəfatından sonra onun məzarı üzərində ucaldığı qeyd olunub.

Kitabədə yazılıb: “O, Allah əbədidir. Bu, İmam Məhəmməd Bağırın – ona salam olsun – oğlu mövlana İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat etmişdir – Allahın ona salavatı olsun…”. Beləliklə də, İmamzadə adının mənası “İmam oğlunun türbəsi” dir.

İmamzadə kərpic örtüklü günbəzə malikdir. Türbəyə “Göy-İmam”, “Göy məscid” də deyilir. Bu günbəzin mavi, göy, yaşıl rəngli kaşılarla (kaşı lövhələr) düzəldilməsi ilə bağlıdır. Həmçinin bəzi mənbələrdə bura “Yaşıl məscid” kimi də qeyd olunub.

Gəncə xanı Cavad xan Ziyadoğlunun hakimiyyəti dövründə (1786-1804), saray memarı Kərbəlayi Sadıqin rəhbərliyi ilə türbədə əsaslı təmir işləri aparılmışdır.

1878-ci ildə kompleksinin bəzi hissələrini və türbəni rus ordusunun generalı İsrafil bəy Yadigarzadə bərpa etmişdir. Bu türbənin, iç divarına hörülmüş ərəb dilində kitabədə də yazılmışdır: “… bu yüksək məqamlı yerin bərpa olunmasına Tiflisli general-mayor İsrafil bəy Yadigarzadə hicri 1296-cı ildə əmr etmişdir”.

Türbə binasında olan məscid qadın və kişi şöbələrindən ibərətdir. Türbənin səkkizguşəli forması var və qırmızı kərpicdən tikilib. Türbənin hündürlüyü 12 m, günbəzin hündürlüyü 2,7 m-dir.

2010-2016-cı illərdə kompleksdə, həmçinin türbədə son təmir və bərpa işləri aparılıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Mənbələr:

  1. А. Бретаницкий, А. Саламзаде. Архитектура городов СССР. Москва-1960
  2. И.М. Джафарзаде Историко-Археологический очерк старой Гянджи. Баку- 1949
  3. http://www.dqdk.gov.az/az/view/objects/67
  4. И. П. Щеблыкин. Памятники азербайджанского зодчества эпохи Низами. Баку-1943
  5. Gəncə İmamzadə türbəsi. Bakı-2012
  6. Nemət  Məşədixanım. Azərbaycanda pirlər. Bakı-2010

Ən Çox Oxunan