Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olub.
O, 1941-ci ildə Tiflis şəhərində Zaqafqaziya yol mühəndisliyi institutunu bitirib. Sultanov 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib və kapitan rütbəsinə qədər yüksəlib. Sultanov ön cəbhədə bir sıra vuruşmalarda, o cümlədən Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və b. şəhərlərin azad edilməsində iştirak edib. O, “Qırmızı ulduz”, I və II dərəcəli “Vətən müharibəsi” ordenləri ilə və bir sıra medallarla təltif olunub.
Müharibədən qayıtdıqdan sonra əmək fəaliyyətinə Azərbaycan Dəmiryolu İdarəsinin Həmkarlar İttifaqı Komitəsində başlayıb, sonralar bu idarənin Mənzil tikintisi şöbəsində məsul vəzifələrdə çalışıb. 1947-ci ildə Sultanov Azərbaycan KP Mərkəzi Komitəsinə təlimatçı vəzifəsinə təyin edilib. 1950-ci ildə “Azərdəniznefttikinti” sistemində məsul vəzifələrdə çalışıb, 1960-cı illərdə respublikada ümumittifaq tabeçiliyində olan santexnika, ventilyasiya, istilik-quraşdırma, xususi işləri aparmaq üçün kiçik tikinti-quraşdırma təşkilatları fəaliyyət göstərib. Sultanov həmin dövrdə, həmçinin Xalq Təsərrüfatı Şurasında şöbə müdiri vəzifəsində çalışıb.
Xüsusi Tikinti-Quraşdırma İdarəsinə rəhbərlik edən Sultanov təşkilatların maddi-texniki bazasını möhkəmləndirib və struktur dəyişikliklər edib. Onun səyi nəticəsində “Azneftkimyaquraşdırma”, “Elektrik quraşdırma”, “Ventilyasiya quraşdırma”, “Santexquraşdırma” və “İstilik quraşdırma” üzrə müstəqil trestlər yaradılıb. Bakı, Sumqayıt, Gəncə, Mingəçevirdə bir çox binaların tikilib istifadəyə verilməsində bu təşkilatların böyük xidməti olub.
Sultanov 1960-cı illərdə Gəncə şəhər sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. O, 1970-ci ilin sonlarında yeni yaradılmış Sənaye tikinti nazirliyinə ulu öndər Heydər Əliyevin razılığı ilə nazir vəzifəsinə təyin edilib. İnşaatçı Azərbaycan SSR Ali Sovetinin 7 və 8-ci çağırış deputatı seçilib.
Sultanov Azərbaycan SSR Əməkdar inşaatçısı fəxri adına, “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülüb.
Qurban Sultanov 30 sentyabr 1998-ci ildə 80 yaşında vəfat edib.
Mənbələr:
- İbrahimov B.M., Allahverdiyev Z.M. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası: ATKE: I cild. Bakı-2012.
- O, əsl xalq adamı, ziyalı və nurlu bir şəxsiyyət idi… | | Xural qəzeti
- Azərbaycan SSR Ali Sovetinin deputatları. Səkkizinci çağırış. Bakı-1973.
- http://www.anl.az/down/meqale/ses/2015/may/434852.htm