21.4 C
Gence
21.4 C
Gence

İlk Nizamişünaslardan biri: Gəncəli Mirzə Məhəmməd Axundzadə

Mirzə Məhəmməd Axundzadə 9 avqust 1875-ci ildə Gəncədə ruhani ailəsində anadan olub.

O, ilk təhsilini atasından alıb, daha sonra Gəncə mədrəsəsində oxuyub, müdərris Mirzə Xəlil Şeyxzamanovdan dərs alıb, ərəb və fars dillərini öyrənib. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Gəncə klassik kişi gimnaziyasına daxil olub. Oxuduğu illərdə o, V.Şekspirin “Venesiya taciri”, “İki qorxaq var”, D.Defonun “Robinzon Kruzo”, N.V.Qoqolun “Evlənmək” və s. əsərləri ilk dəfə Azərbaycan dilinə tərcümə edib.

Axundzadə 1896-cı ildə gimnaziyada pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildə tədris vəsaiti kimi yazdığı ilk kitabı – “Sərfi-türk” çap edilmişdir. O, həmçinin şagirdlər üçün İslamdan bəhs edən beşcildlik “Əqaidül-müslimin” kitabını yazmışdır.

Mirzə Məhəmməd dramaturgiya ilə də məşğul olub. O, 4 yanvar 1902-ci ildə ilk səhnə əsərini – “Məhəbbətsizliyin nəticəsi, yaxud ata və ananın təqsiri” komediyasını yazmışdır. Bu əsər Qafqaz teatrlarında tamaşaya qoyulmuşdur. Axundzadə “Hər nə əkərsən, onu biçərsən”, “Analıq”, “Sonrakı peşmanlıq səmərə verməz” və s. pyeslərin müəllifidir. 1909-cu ildə o, Azərbaycan dilində teatr haqqında “Teatro nədir?” adlı ilk kitabını yazmışdır.

Axundzadə “Şərq-Rus”, “Həyat”, “Həqiqət”, “Açıq söz”, “İrşad” kimi jurnal və qəzetlərdə məqalələrlə çıxış edib. O, “Molla Nəsrəddin” jurnalının müəlliflərindən biri olub.

Maarifçi 1909-cu ildə “Şeyx Nizami” kitabını yazıb. Bu kitab Nizami Gəncəvinin irsinin Azərbaycanda öyrənilməsinin əsasını qoyub. Kitabın ilk vərəqində: “Kitabçadan vüsul olan pul tamamilə Şeyx Nizaminin günbəzinə sərf olunacaqdır” – yazılmışdır.

Mirzə Məhəmməd Gəncədə erməni Daşnaksütun partiyasının terrorizminə qarşı mübarizə aparmaq üçün 1906-cı ildə yaradılan “Difai” partiyasının yaradıcılarından biri olub. Bu səbəbdən o, çar hökuməti tərəfindən 5 il müddətində sürgün olunmuşdur.

Axundzadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak etmiş və maarif nazirinin müavini vəzifəsində çalışmışdır. 1920-ci ilin aprel işğalından sonra Axundzadə Gəncədə uşaq evində müdir və seminariyada müəllim işləmişdir.

Mirzə Məhəmməd Axundzadə 1923-cü ildə Gəncədə qəflətən vəfat edib və şəhər qəbiristanlığında dəfn olunub.

 

Mənbələr: 

  1. Abbas Səmədov. Maarifpərvər Gəncə müəllimlərinin ədəbi- pedaqoji fəaliyyəti (1830-1920). Gəncə-1999.
  2. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.
  3. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı-2004.
  4. Nazim Rza İsrafiloğlu. Günəşə baxan insan. Bakı-2019.
  5. Xanlar Bayramov. Gəncə üsyanı 1920. Bakı-2010.
  6. https://edebiyyatqazeti.az/news/edebi-tenqid/4727-gunese-baxan-insan-mirze-mehemmed-axundzade-biblioqrafiya
  7. https://www.youtube.com/watch?v=sUMyL0Q6LF4

Ən Çox Oxunan