25.8 C
Gence
25.8 C
Gence

“Lalələr” mahnısının yaranma tarixi

“Lalələr” mahnısının sözləri şair Aslan Aslanova, musiqisi isə bəstəkar Telman Hacıyeva aiddir. Mahnı 1970-1975-ci illərdə yazılıb.

Mahnının yaranması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Deyilənə görə, şair Aslan Aslanov Gəncədə olarkən, dağ ətəyində hər tərəfin lalələrlə dolu olduğunu görür və bundan ilhama gələrək “Lalələr” adlı şeirini yazır. Sonra isə şeiri Telman Hacıyevə verir ki, o, musiqi bəstələsin.

Digər versiyaya əsasən, “Lalələr” mahnısı 1918-ci ildə Azərbaycana gələn türk ordusuna həsr olunub. Mahnı Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Gəncədən Bakıya gələn və şəhəri xilas edən əsgərlərinə aiddir. Nuru Paşa may ayında Gəncəyə girərkən minlərlə əsgərin başlarında fəs, fəsin ucunda isə saçaqlar var idi. Ehtimal edilir ki, şair fəsləri laləyə bənzətdiyinə görə belə bir şeir yazır.

“Nə vaxtdır Bakının gözü yoldadır
Bir qonaq gələsiz bizə, lalələr…”

Bu sətirlər isə, deyilənə görə, Bakının Qafqaz İslam Ordusu tərəfindən xilas edilməsinə həsr olunub.

“Lalələr” mahnısının ifaçılarından biri Rəşid Behbudov olub. Rəşid Behbudov adına fondun rəhbəri Kamil Şahverdiyev bu mahnı haqda belə deyib: “…Türk ordusu Azərbaycana gələndə onlara insanlar tərəfindən el mahnısı həsr olunub. Sonradan Aslan Aslanov bir qədər düzəliş edib və bu mahnını ərsəyə gətirib. Uzun müddət hamı bunu Gəncəyə, gülə-çiçəyə həsr olunmuş mahnı kimi tanıyıb. Çünki SSRİ zamanında heç kim açıb deyə bilmirdi. Mahnının son misrasında Bakı sözü dəyişdirilib, “Nə vaxtdır Rəşidin gözü yoldadır” formasında oxunub. Sovet vaxtı axı bunu kim dilinə gətirə bilərdi?!…”.

Mahnını rəqs kimi ilk dəfə Əməkdar artist Roza Cəlilova ifa edib. Həmçinin mahnını Zeynəb Xanlarova, İdris Mehdiyev kimi müğənnilər də ifa ediblər.

Mənbələr:

  1. https://hafta.az/laleler-mahnisi-nece-yaranib–69788-xeber.html
  2. https://minbirmahni.blogspot.com/2016/03/rsid-behbudov-lallr-mahn-sozlri-lyrics.html
  3. https://www.youtube.com/watch?v=qz5uCtqa-IA

Ən Çox Oxunan