14.7 C
Gence
14.7 C
Gence

İki dəfə SSRİ Dövlət mükafatına layiq görülən gəncəli kimyaçı: Əli Quliyev

Akademik Əli Musa oğlu Quliyev 31 may 1912-ci ildə Gəncənin Bayan məhəlləsində anadan olub. Onun qardaşı Ələddin Quliyev də kimyaçı olub.

O, 1934-cü ildə ali təhsil almaq üçün Gəncədən Ba­kıya gəlib, indiki BDU-nun kim­ya fakültəsinə daxil olub. Quliyev 1937-ci ildə Azərbaycan El­mi-Təd­qiqat Neft Emalı Sənaye İnstitutunda (AzETNİ) el­mi fəaliyyətə başla­yıb. Əli Quliyev 1939-cu ildə universiteti bitirib, kimya kafedrasında as­sistent vəzifəsində çalışıb.

Quliyev 1941-1942-ci illərdə AzETNİ-də qurğu rəisi, daha son­ra isə mühəndis və­zifəsində çalışır. O, 1944-cü ildə namizədlik, 1951-ci ildə doktorluq işlərini müdafiə edir. Əli Quliyev 1945-1965-ci illərdə AzETNİ-də Yağlar və aş­qarlar laboratoriyasının rəhbəri vəzifəsində işləyir.

Əli Quliyev 1951-cı ildə kimya üz­rə elm­lər doktoru elmi dərəcəsini və professor elmi adını alıb. O, 1951-1960-cı illərdə BDU-da üzvi kimya kafedrasının müdiri olur. Quliyev 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) həqiqi üzvü seçilib.

Əli Quliyev 1965-1967-ci illərdə AEA Kimya Elmləri Bölməsinin akademik-katibi kimi fəaliyyət göstərib. O, 1965-­ci ildə təşkil edilmiş, keçmiş SSRİ-də aşqarlar sahəsində yeganə ixtisaslaş­mış institut – Aşqarlar Kimyası İnstitutunun yaradıcısı olub. Akademik burada 1987-ci ilə kimi fasi­ləsiz direktor olub. 1992-ci ildə instituta onun adı verilib.

Quliyev 600-dən çox elmi əsərin, o cümlədən 200-ə yaxın ixtira və 10 monoqrafiyanın müəllifidir.

Əli Quliyev SSRİ Elmlər Akademiyasının, SSRİ Nazirlər Soveti Dövlət Elm-Texnika Komitəsinin və SSRİ Neft-Kimya və Neft Emalı Sənayesi Nazir­liyinin nəzdində fəaliyyət göstərən şuraların üzvü olub.

Professor iki dəfə “Qır­mızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri, Böyük Vətən müharibəsi illərindəki fəaliyyətinə görə medallar və beş dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fər­manı ilə təltif olunub. O, Əməkdar elm xadimi fəxri adına, iki dəfə SSRİ və Azərbaycan SSR Dövlət mükafatlarına layiq görülüb.

Akademik Əli Quliyev 1989-cu ildə Bakıda vəfat edib.

 

Mənbələr:

  1. Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.
  2. https://science.gov.az/az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3331
  3. http://chemistry.bsu.edu.az/az/article/390
  4. https://science.gov.az/az/institutes/12
  5. https://gencalimler.az/az/news/2168/

Ən Çox Oxunan