20.3 C
Gence
15.5 C
Ganja

I Şah Abbas tərəfindən Gəncəyə köçürülən Şahsevənlər

Şahsevənlər – türkdilli xalq və azərbaycanlıların etnoqrafik qruplarından biridir. Şahsevənlərin Azərbaycan tarixində mühüm rolları olub. Onlar Azərbaycanın bir çox bölgələrində, həmçinin Gəncədə yaşayıblar.

Şahsevənlər adının yaranması I Şah İsmayılın (1501-1524) hakimiyyəti dövrünə təsadüf edir. Adın yaranması ilə bağlı tarixçi İskəndər Münşinin “Tarix-i aləm aray-i Abbasi” əsərində yazılıb: “Qızılbaşlara qarşı vuruşan Ağqoyunlu hökmdarı Əlvənd Mirzə Şah İsmayılın yaxınlarından Seyid Kəmunəni tutub quyuya saldırdı. O, quyuda çox qalmadı. Şah İsmayılı sevən əsgərləri Seyid Kəmunəni quyudan çıxardılar. Bu hadisədən sonra şahın bu əsgərlərinə “Şahsevənlər” adı verildi”.

I Şah Abbas Səfəvi hakimiyyətə gəldikdən sonra onun əsas məqsədi qızılbaşları mərkəzi hakimiyyətə tabe etdirmək və dövləti gücləndirmək olur. O, müxtəlif vilayətlərdə ayrı-ayrı tayfaların tərkibində olan tərəfdarlarını öz ətrafında birləşdirmək və yeni tayfa yaratmaq qərarına gəlir. Şah Abbas planını həyata keçirmək üçün bütün ölkədə “şahın mübarək başını sevənlər şah ətrafında tоplaşsınlar” şüarını irəli sürür. Bundan sonra onun ətrafında feodallar tərəfindən hüquqları alınmış tayfalar toplaşır və Şahsevənlər tayfası yaranır.

Daha sonra I Şah Abbas Azərbaycanın müxtəlif bölgələrinə Şahsevənləri köçürməyə başlayır. Belə yerlərdən biri də Gəncə olur. I Şah Abbas Gəncəni tutandan sonra güclü dayaq yaratmaq məqsədilə 200 Şahsevən ailəsini buraya köçürür. Gəncə qəzasının bu ərazilərində vaxtilə Şahsevənlərin obaları yerləşib: Qaradağlı, Azər Əhmədli, Goranboy, Əhmədli, Əhmədbəyli, Şakirli.

Şahsevənlər Gəncədə eyni adlı məhəllə salırlar və məscid inşa etdirirlər. Onlar burada ilk zamanlar heyvandarlıqla məşğul olurlar, daha sonra isə oturaq həyata keçib, qismən əkinçiliklə də məşğul olmağa başlayırlar. Şahsevənlər, həmçinin dabbaqlıq, papaqçılıq, pinəçilik, bənnalıq, arabaçılıqla güzəran keçirirlər.

Şahsevənlər məhəlləsinə sonradan digər məhəllələrdən də əhali köçür.

Mənbələr:

  1. Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı-1987.
  2. Məhəmmədhəsən bəy Vəlili-Baharlı. Azərbaycan: fiziki–coğrafi, etnoqrafik və iqtisadi oçerk. 1993.
  3. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  4. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.
  5. Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.
  6. https://www.youtube.com/watch?v=8DmY2zE5vLY&t=705s
  7. https://www.xalqcebhesi.az/news/southazerbaijan/58223.html