21 mart 1590-cı ildə İstanbulda Səfəvi və Osmanlı imperiyaları arasında sülh bağlandı. Sülhə əsasən, Gəncə, Qarabağ vilayəti və bir neçə ərazi Osmanlı imperiyasına verildi. Buna baxmayaraq, I Şah Abbas Səfəvi işğal olunmuş torpaqları almaq üçün osmanlılarla müharibəyə hazırlaşırdı.
1603-cü ildə I Şah Abbas hücuma keçdi. O, Təbriz və Naxçıvanı tutdu, buradan isə İrəvanın gələcək hökmdarı Əmirgunə xana Gəncəni almağı tapşırdı. Gəncənin yaxınlığında Əmirgunə xan osmanlı qoşunlarını məğlub etdi, amma şəhəri götürmək mümkün olmadı.
Şah Abbas Gəncənin ələ keçirilməsinə xüsusi strateji əhəmiyyət verirdi. O, Gəncəni “Şamaxının açarı” adlandırırdı, yəni Xəzər dənizinə çıxış. Bu səbəbdən 1605-ci ildə İrəvan alındıqdan sonra o, Gəncəyə sərkərdə Allahverdi xanın başçılığı ilə 15 minlik ordu göndərdi. Lakin yenə də şəhəri almaq mümkün olmadı.
1606-cı ildə Şah Abbas özü Gəncəni tutmağa qərar verir. O, indiki Nizami məqbərəsinin yerində düşərgə salır.
22 mart – Novruz bayramı günü osmanlılar qala divarının üstünə iki meyit atır. O meyitlərdən biri Şah Abbasın əsir alınmış qohumu Əmir Rüstəm Zülqədər, digəri isə seyid Mir Bozorg idi. Şah bu hərəkəti şəhərin mühasirəsi üçün açıq çağırış kimi qəbul edir və hücuma keçir.
Şəhər uğrunda mübarizənin üç ayı kiçik atışmalarla keçir. Şah qoşunları qala divarlarının bünövrəsi altında 500 xəndək qazır və bu xəndəklərə od vururlar. Beləliklə, qala divarları dağılır və yerində boşluqlar əmələ gəlir. İrandan Şah Abbasa köməyə gələn qoşunlar qalanın şərq tərəfində yerləşir və osmanlılar hər tərəfdən mühasirəyə alınır. Osmanlılar qaladan səfəvi qoşunlarına ərimiş qətran və yanan neft tökürlər, lakin bu, şah qoşunlarını dayandırmır.
Bütün gün davam edən şiddətli döyüşdən sonra Səfəvilər Gəncə qalasının ən hündür və möhkəm qalası Çardağı ələ keçirirlər. Sonra isə üç qüllə alınır. Mühasirəyə alınanlar mərhəmət diləməyə başlayırlar, şah isə hücumu davam etdirir. Son iki qüllə alındıqda osmanlılar təslim olmağa razı olur. Qala açarları isə qoşunları ilə şəhərə birinci daxil olan Karçakay bəyə verilir.
Beləliklə, Gəncə 2500 nəfərlik osmanlı qarnizonundan azad edilir.
Mənbələr:
- М. М. Альтман. Исторический очерк города Гянджа. Баку-1949.
- Gəncə (tarixi oçerk). Bakı-1994.
- Gəncə şəhərinin tarixi. Bakı-2004.
- Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.
- Nizami Süleymanov. Azərbaycan Səfəvilər dövləti (1501-1736- cı illər). Bakı-2018.