Azərbaycanda 1920-ci ildə, sovet hakimiyyəti qurulduqdan sonra bir çox ziyalılar, dövlət xadimləri təqiblərə məruz qalır, həbs edilir və güllələnirdi. Belə ziyalılardan biri də şair Əhməd Cavad idi.
Əhməd Cavad ilk dəfə 1923-cü ildə tutulub. İkinci dəfə şair qələmə aldığı “Göygöl” şeirinə görə həbs edilib və dəfələrlə mühakimə olunub.
Əhməd Cavad bu şeiri 1925-ci ildə Gəncədə yazıb. “Göygöl” şeirini oxuyan o zamankı SSRİ dövlət xadimi Səməd ağa Ağamalıoğlu belə fikir bildirir: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, bu şeir antisovet ruhludur.
Həmin adamlar şeirdə olan ay və ulduzu Cümhuriyyət bayrağının üstündəki ay və ulduz rəmzləri kimi qələmə verirlər. Şeirdə olan buludun göy rəngdə olduğunu, qurbanlıq kimi işlədilən ifadəni – qurbanlıq kəsiləndə qırmızı rəngdə qan axacaq deyə – və yaşıl rəngi AXC-nin üçrəngli bayragı kimi göstərirlər. Həmçinin göy rəng qırmızı hökumətin süqutuna çağırış kimi başa düşülüb. Bundan sonra Əhməd Cavad həbs edilir.
Şair dəfələrlə təkzib edərək, bu şeirin təbiət təsvirlərindən ibarət olduğunu söyləyir. Beş-altı ay çəkən sorğu-sualdan və işgəncədən sonra Əhməd Cavadı həbsdən buraxırlar. Buna səbəb “Göygöl”ə heç bir siyasi rəng verə bilməmələri olub.
1929-cu ildə “Kommunist” qəzetində Əhməd Cavad “İzah” adlı məqaləsində şeir haqqında yazırdı: ““Göygöl” özü-özlüyündə lirik bir parçadır. Bu, belə olduğundan ,ümumiyyətlə, lirizmə məxsus bir səciyyə etibarilə, müxtəlif mənalar verilə bilər…Şeirimdəki hüzn və üzüntü yalnız şəxsidir, özümə aiddir…Bən burada böylə bir hüznün bugünkü ədəbiyyata da xeyirli olduğu deyil, bənddəki hüznün siyasi olmadığını söyləmək istəyirəm”.
Lakin şair yenə də yaxasını təqiblərdən qurtara bilmir və 1937-ci ildə repressiya olunur. Oktyabrın 12-dən 13-ə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə Əhməd Cavad güllələnir.
Mənbələr:
- Afina Məmmədli. Əhməd Cavad və Türkiyə. Bakı-2010.
- Şanlı Vətənin qəhrəman övladı Əhməd Cavad. Bakı-2017.
- Xalq Cəbhəsi.- 2014.- 6 iyun.- S.14.
- Ədalət.-2018.-11 aprel.-№67.-S.7.; 13 aprel.-№67.-S.7.
- https://rafaelhuseynov.com/az/content/48
- https://www.muallim.edu.az/news.php?id=8384