Yazıçı və dramaturq Hüseyn Cavid “Ana” əsərini Gəncədə yaşadığı dövrdə, 1910-cu ildə qələmə alıb. “Ana” Cavidin ilk dram əsəridir.
Hadisələr Dağıstanda cərəyan edir. Səlma ana qapıda oturub öz-özünə danışır və oğlu Qanpoladdan uzun müddət məktub gəlmədiyindən gileylənir. Birdən Qanpoladın nişanlısı İsmət gəlir və ondan məktub gətirir. Səlma ana məktubu götürür və oxutdurmaq üçün qonşuya gedir.
Həmin vaxt Səlma ananın evinə Orxan və onun dostu gəlir. Orxan İsməti sevən zəngin bir oğlandır. O, İsmətin təkliyindən istifadə edərək, ona eşqini etiraf edir və deyir:
– Bütün Dağıstanda var bir şöhrətim,
Yüksək dağlardan böyükdür həşmətim,
Hürmətim, İzzətim, varım, sərvətim,
Nəslim, nəcabətim, gücüm, qüdrətim.
İsmət isə hiddətlənərək, Orxana barmağındakı nişan üzüyünü göstərir və cavab verir:
– Qanpoladdan bir yadigardır bana,
Ömrüm olduqca bağlıyım bən ona.
Orxan İsməti yoldan çıxara bilmədiyini görür, ona xəncər verərək: “ya sən, ya ölüm”, – deyərək gedir. Bu zaman Səlma ana qayıdır və İsmətə bildirir ki, Qanpolad ya bu gün, ya da sabah qayıdacaq. İsmət sevincək atasının evinə gedir.
Bir gün kənddə atışma səsləri eşidilir. Bu zaman Murad adlı silahlı çərkəz Səlma ananın həyətinə qaçır və xahiş edir ki, onu gizlətsin, yoxsa öldürüləcək. Sonra İsmətin qardaşı Səlim həyətə girərək qatili – Muradı axtarır. Ana isə Muradın yerini demir.
Bir az sonra sinəsindən yaralı Qanpolad həyətə daxil olur. Məlum olur ki, Orxan və dostu Qanpolada qəsd etmək istəyəndə o, düşmənlərini öldürüb, lakin Murad onu yaralayıb. Qanpolad anasından və Səlimdən çərkəzi axtarmamağı xahiş etdikdən sonra sevgilisi İsmətin qucağında ölür. Ana oğlu üçün yas tutur. Gizlətdiyi şəxsin oğlunun qatili olduğunu öyrənsə də, ona pənah gətirənə xəyanət etmir.
Bu əsərlə Hüseyn Cavid cəsarətli bir ana obrazını yaradır. Cavidin təbliğ etmək istədiyi əsas ideya Qafqazın müsəlman xalqlarına məxsus qonaqpərvərlik, düşmənin belə olsa, sənə sığınana mərhəmət göstərmə kimi mənəvi xüsusiyyətlərdir.
Mənbələr:
- Hüseyin Cavid. Əsərləri. II cild. Bakı-2005.
- https://medeniyyet.az/page/news/61557/Cavidin-Ana-eseri-ve-onun-sehne-taleyi.html
- https://azerhistory.com/?p=32550