20.8 C
Gence
20.8 C
Gence

Həmdünyan: Nizami Gəncəviyə hədiyyə olunan kənd

Gəncənin dahi şairi Nizami “Xəmsə”yə daxil olan ikinci poemasını – “Xosrov və Şirin”i Atabəy Məhəmməd Cahan Pəhləvana göndərmişdi. Onun ölümündən sonra taxta çıxan Qızıl Arslan ehtiram əlaməti olaraq Gəncə yaxınlığında şairlə görüşüb Həmdünyan adlı kəndi ona bağışlamışdı. Atabəy kəndin bütün gəlirini nəsilbənəsil Nizamiyə və onun varislərinə verilməsi haqqında xüsusi fərman vermişdir.

Nizamiyə bəxş edilən kəndin vəziyyəti haqda “Xosrov və Şirin” poemasında məlumat verilib. Əsərdə Həmdünya “gəlirindən artıq onun xərci” olan, “yarımca ağac”lıq kənd kimi təsvir olunur. Şairin yazdığına görə, hətta bəzi şəxslər “Bir xaraba kəndə layiqdir məgər?” sözləri ilə şahın şairə belə balaca və baxımsız kəndi bağışlamasını kinayə ilə qarşılayıblar. Buna cavab olaraq, Nizami kəndin təbii sərvətlərindən yazır:

Bir həmdim yaxşıdır beş-on Kənddən, bil.

İş və əkin varsa o Kənddə əgər,

Mənim hər sözümdən behişt göyərər.

Dənli sünbülü var, o Kəndin, nə qəm,

Mən də salxım-salxım dürr gətirmişəm.

Gur meşəsi vardır, söyləsən bu dəm,

Var qəmari uddan mənim yüz meşəm.

Kənd şairə verildikdən sonra Qızıl Arslanın göstərişi ilə burada abadlıq işləri görülür. XIV əsrin müəllifi Həmdullah Qəzvini Nizamiyə hədiyyə edilən kənddən danışarkən oraya su çəkildiyi haqda məlumat verir. Tarixçi, həmçinin burada “Şirin bulaq” adlı yerin və kəndin yaxınlığında qəbiristanlığın mövcud olmasını qeyd edir.

1593-cü ildə yazılmış osmanlı vilayət təhrir dəftərlərindən Həmdünyanın gəlirinin yarısının şairin məqbərəsinə verildiyi qeyd olunub.

Kəndin yerləşməsi haqda müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar onun Nizamı məqbərəsinin yaxınlığında yerləşən Samuxun Tatlı kəndi olmasını ehtimal edirlər. Başqa ehtimala görə, bu kənd Goranboyun Həmənli kəndi ərazisində mövcud olub. Həmənli yaşayış yerində arxeoloji qazıntılar zamanı çaydaşından inşa edilmiş ev bünovrələri, saxsı borular, bulaq yeri, bulaqdan təxminən 150 metr kənarda 7 qəbirdən ibarət olan qəbiristanlıq da aşkar edilib.

Mənbələr:

  1. Məmmədov A.M. Gəncəbasar IV-XIII əsrlərdə. Bakı-1992.
  2. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı-2004.
  3. Araslı Həmid. Nizami Vəqfi haqqında yeni sənəd// Ədəbiyyat və incəsənət qəzeti. 25 fevral 1983.
  4. https://azertag.az/xeber/Dahi_Azerbaycan_sairi_Nizami_Genceviye_hediyye_olunmus_kendin_qaliqlari_askar_edilmisdir-29532
  5. https://www.youtube.com/watch?v=F0V6E68kL4s

Ən Çox Oxunan