21 C
Gence
21 C
Gence

Göygöl rayonunun XII əsrə aid Zurnabad qalası

Zurnabad qalası Göygöl rayonunun Zurnabad kəndindən təxminən 11 km aralıda, meşəlik ərazidə yerləşir.

Qalada 1938-ci ildə A.E.Paxomov, 1989-cu ildə A.M.Məmmədov kimi tədqiqatçılar arxeoloji qazıntılar aparmışlar və onun tikilmə tarixinin XII-XIV əsrlərə aid olduğunu müəyyən etmişlər. Həmçinin burada 2013-2014-cü illərdə Gəncə arxeoloji ekspedisiyası tərəfindən kəşfiyyat işləri aparılmışdır.

Aparılan tədqiqatlardan məlum olub ki, Zurnabad qalası o dövrdə yaşayan feodal ailəyə məxsus qəsr olub. XIII-XIV əsrlərdə Azərbaycan ərazisində tərəkəmələrin dağlıq ərazilərdə özlərinə kiçik qəsrlər tikdirmələri haqqında məlumat verilir. Bu isə XIII əsrdə monqolların işğalı zamanı əkinçiliyin tənəzzülü və tərəkəmə əhalisinin əsas məşğulliyyəti olan maldarlığın inkişafından sonra varlanması ilə bağlıdır.

Qalanın 500 metrliyində, əsas yolun üstündə gözətçi məntəqəsi var. Yerli əhali və maldar tayfalar bu ərazidən əvvəllər köç yolu kimi istifadə ediblər.

Qala tikinti xüsusiyyətlərinə görə Bakıdakı Mərdəkan, Nardaran, Ramana qalalarına bənzədilir. Zurnabad qalasının divarları çay daşından əhəng məhlulu ilə hörülüb. Qaladakı ən iri bürcün dairəsi 9 metrdir. İkinci bürcün dairəsi 8 metr, üçüncü, dördüncü və beşinci bürclərin dairəsi isə 4 metrdir. Qalanın bürclərində mazğallar (qala divarlarında atışma üçün qoyulan dəlik) yoxdur. Bu, tikilinin müdafiə məqsədilə deyil, yaşayış yeri kimi inşa olunduğunu sübut edir.

Qalanın Gəncəçaya doğru çıxan həyəti var. Həyəti əhatə edən sol divarın uzunluğu 30 metr, əks tərəfi 10 metrdir. Divarda iki bürc var. Böyük bürcün dairəsi 8 metr, kiçik bürcün dairəsi isə 3 metrdir.

Zurnabad qalası yerli əhəmiyyətli abidələrin siyahısına daxildir.

Mənbələr:

  1. Əhməd İsayev. Azərbaycan.- 2009.- 4 iyul.- S. 6.
  2. A.M.Abbasov. Mil düzü tərəkəmələrinin həyat tərzi və ənənələri.Humanitar elmlər seriyası. №1. 2014.
  3. Azərbaycanda arxeoloji tədqiqatlar – 2013-2014. Bakı-2015.
  4. https://az.trend.az/azerbaijan/society/2183045.html
  5. https://www.youtube.com/watch?v=amknDjfS100
  6. http://www.mct.gov.az/medias/media/other/13/tma.pdf

Ən Çox Oxunan