19.1 C
Gence
19.1 C
Gence

Göygölün nadir sənət növlərindən olan çəlləkçilik

XIX əsrin əvvəllərində indiki Göygöl ərazisinə köçürülən almanların məşğul olduqları sənət növlərindən biri çəlləkçilik idi. Burada XIX əsrdə Andreas və Albert Andreeviç qardaşlarının, Fridrix və Qotlob Vaker qardaşlarının, Karl Zexin, Ernest Kererin, İohannes Kuhun çəllək emalatxanaları fəaliyyət göstərirdi. Bu sənət növü Göygöldə geniş yayılmış şərabçılıqla sıx bağlı idi. Məşhur şərabçılıq sənayeçiləri Forrer qardaşlarının da öz çəllək emalatxanaları var idi.

Böyük Vətən müharibəsi zamanı almanlar buradan sürgün edilsələr də, onların bir sıra sənət növlərini, o cümlədən çəlləkçiliyi yerli əhali də mənimsəyə bilib və gələcək nəsillərə ötürüb. Azərbaycanda vaxtilə bu sənət növü ilə məşğul olan insanların sayı çox olub. Buna səbəb taxtadan hazırlanan çəlləklərin şərab, konyak, bal, bəkməz və başqa ərzaq və içkiləri uzun müddət saxlamaq qabiliyyətinə malik olması idi.

Çəllək hazırlamaq fiziki cəhətdən ağır iş olduğundan bununla ancaq kişilər məşğul olub. Çəlləklər ancaq palıd ağacından hazırlanır. Buna səbəb isə digər ağaclardan hazırlanan çəlləklərin içərisində bir müddət məhsul saxlandıqdan sonra həmin ağacın dadı və ətrinin məhsulda hiss edilməsidir. Həmçinin palıddan hazırlanan məhsullar möhkəm və nəmə davamlı olur.

Çəlləklər bu qaydada hazırlanır: palıd ağacından hazırlanan taxtalar dairəvi formada yığıldıqdan sonra içərisində ocaq qalanıb taxtalar su ilə isladılır. Buxar vasitəsilə taxta yumşalır. Su ilə isladılmış taxta buxarda yumşaldılarkən kəmərlə sıxılır. Nəticədə çəllək sıxılaraq hazır vəziyyətə gətirilir.

Hazırda çəlləkçiliklə məşğul olan ustaların sayı az olsa da, bəzi Göygöl sakinləri bu sənət növünü öz emalatxanalarında davam etdirərək yaşadırlar.

Mənbələr:

  1. Зейналова С. Немецкие колонии в Азербайджане (1819-1941 гг.). Баку-2002.
  2. Чингиз Абдуллаев, Аббас Сеидов, Хаджар Вердиева. Немцы в Азербайджане: неизвестные страницы. Баку-2019.
  3. https://azertag.az/xeber/Al_emeyi_ve_zerger_deqiqliyi_teleb_eden_senet___CHellekchilik_VIDEO-2449706
  4. https://az.sputniknews.ru/20160816/406774048.html
  5. http://www.anl.az/down/meqale/respublika/2022/noyabr/823820(meqale).pdf

Ən Çox Oxunan