5.8 C
Gence
5.8 C
Gence

Gəncə zorxanalarının tarixindən

Gəncə zorxanalarından biri indiki Xan bağının şərqində, “Mütrub” adlanan meydanda yerləşirdi. Zorxana qədim Azərbaycan şəhərlərində pəhləvanların güləşdikləri yerlərə deyilirdi. İlk zorxanaların yarandığı şəhərlərdən biri Gəncə idi.

Zorxanaların yaranması Səfəvilər dövrünə aid edilir. Bu zamanlardan gəncləri bir yerə toplayıb, onları idman oyunlarının mərkəzləşdiyi yerlərə, yəni zorxanalara cəlb etmək işi başlanmışdı.

XIX əsrin 30-ci illərində Gəncədə olmuş rus pravoslav din xadimi, filosof və tarixçi Q.V.Florovski yazırdı: “Yelizavetpol (Gəncə) sakinləri tez-tez gimnastik oyunlarla məşğul olurdular. Güləş yarışlarına böyük məmnuniyyətlə baxırdılar. Bunun üçün ayrıca bina inşa olunmuşdu. Tatarlar (azərbaycanlılar) belə idman oyunlarının bədəni möhkəmləndirmək üçün xeyrini çox yaxşı bilirdilər“.

Zorxana kürsülü evlər kimi yer səthindən bir qədər aşağıdan götürülürdü. Binanın divarlarının yuxarı hissəsində kiçik pəncərələr mövcüd idi. Zorxananın üstü günbəzlə örtülürdü.

Binanın içərisində eni və uzunluğu 10 metr, dərinliyi 1 metrə yaxın “süfrə” adlanan yer düzəldilirdi. Buraya quru ot, onun üstündən bir qədər kül və yumşaq torpaq səpilirdi. Beləliklə, “süfrə”nin yumşaqlığı təmin edilirdi. İdman yarışları başlamamışdan qabaq “süfrə”yə su səpilirdi ki, toz olmasın. “Süfrə”nin ətrafında tamaşaçılar üçün geniş səki var idi. Yuxarıda mürşüd (müəllim) və zurnaçı əyləşirdi. Yarışlara miyandarlar (zorxana təlimçisi) nəzarət edirdi.

Zorxananın belə bir qaydası var idi: güləşdən sonra miyandarlar rəqibləri mütləq öpüşdürürdü. Bu adət ürəklərdə kin qalmasın deyə edilirdi.

Bir vaxtlar Gəncədə mövcud olan zorxana binalarının heç biri indiyə kimi qalmamışdır. Hal-hazırda Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyində şəhər zorxanalarında istifadə olunan alətlər nümayiş etdirilir.

Mənbələr:

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

2.    Gəncə şəhərinin rus işğalına qədərki memarlığı.

  1. Foto: Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

Ən Çox Oxunan