14.7 C
Gence
14.7 C
Gence

Gənc yaşında vəfat edən gəncəli tarzən: Zərif Qayıbov

Zərif İsmayıl oğlu Qayıbov 1920-ci ildə Gəncədə ziyalı ailəsində anadan olub.

İsmayıl bəy oğlunun musiqi qabiliyyətini bilib, 1929-cu ildə Gəncə musiqi məktəbinin tar sinfinə qoyur. Zərif Qayıbov musiqi təhsilini tarzən Həmzə Əliyevdən öyrənir. O, Gəncə musiqi məktəbində bir neçə il təhsil aldıqdan sonra Bakı Musiqi Texnikumuna daxil olur. Bir müddət sonra Zərif Bakıda tarzən kimi məşhurlaşır və klassik əsərlərdən, muğamlardan ibarət konsert repertuarı ilə çıxış edir.

Zərif Qayıbov M.F.Axundov adına Azərbaycan Opera və Balet Teatrına – simfonik orkestrə qəbul edilir. 1938-ci ildə o, Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edib.

Zərif Qayıbov 1939-cu ilin oktyabrında Moskvada xalq musiqi alətlərində ifa edənlərin Ümumittifaq müsabiqəsində iştirak edib. O, bu musiqi yarışında iki dəfə çıxış edib, “Şur” muğamını və “Ləzginka” oyun havasını çalaraq yüksək mükafata layiq görülüb. Qayıbov 1940-cı ildə Gəncəyə qayıdır və buranın filarmoniyasında orkestr təşkil edir.

Zərif Qayıbovun ən məşhur ifalarından biri “Şur” muğamı idi. Fikrət Əmirov bu haqda belə demişdir: “Mən çox tarçalanlar görüb dinləmişəm…Zərifin çalğısı qeyri-adi, həm də təkrarolunmaz idi. Onun sarı simlərdə gəzişməyinin misli-bərabəri yox idi. Xüsusilə, onun “Şur”una söz ola bilməzdi. Mən Zərifin sarı simlərdə özünəməxsus zərif gəzişməsini heç bir tarzəndə görməmişəm. Zərifin çalğısı özü kimi zərif, incə və düşüncəli idi. Zəriflə keçirdiyim günlər mənə muğamlar içərisində ən çox sevdiyim “Şur”u xatırladır. Zərif “Şur” üçün yaranmışdı. Özünün mahir çalğısı ilə bizi “Şur”a gətirirdi”. Zərifdən sonra bu muğamın ən gözəl ifaçılarından biri onun tələbəsi Əhsən Dadaşov olub.

Zərif Qayıbovun musiqi sənətinə dair bir çox xəyalları var idi. Lakin o, 14 dekabr 1943-cü ildə, 23 yaşında Gəncədə vəfat edib. Qayıbov ölümündən bir neçə gün öncə dostu Fikrət Əmirova, Həmzə və Məhəmməd müəllimlərinə: “Özünüzə Zərif tapın… Mənimki də bura qədər idi” – deyib.

Gəncə şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbi Zərif Qayıbovun adını daşıyır.

Mənbələr:

  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.
  2. Firidun Şuşinski. Azərbaycanın musiqi xəzinəsi. Bakı-2015.
  3. Ayna.- 2010.- 27 noyabr.- S.19.
  4. https://edulist.az/products?product=3951

Ən Çox Oxunan