22.5 C
Gence
22.5 C
Gence

Gəncə üsyanının rəhbəri: Cahangir bəy Kazımbəyli

Cahangir bəy Kazımbəyli Gəncə şəhərində anadan olub. Bir çox mənbələrdə onun 1885-ci ildə anadan olduğu qeyd edilir. Bəzi mənbələrdə isə 1888-ci il də qeyd olunur. Lakin onun məzar daşının üzərində doğum tarixi kimi 1894-cü il göstərilib.

O, ilk təhsilini Gəncə gimnaziyasında, sonra isə Sankt-Peterburq Hərbi-Hava Akademiyasında alıb. Cahangir bəy çar Rusiya ordusu sıralarında Birinci Dünya müharibəsində (1914-1918) iştirak edib. Kazımbəyli ilk azərbaycanlı pilotlardan biri idi.

26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu yaradılanda, Cahangir bəy Rusiyadan Gəncəyə dönüb, alay komandiri olub.

Cahangir bəy, bolşeviklər Azərbaycan ərazisini işğal etdikdən sonra, mübarizəyə qalxıb və 1920-ci ilin may ayında başlayan Gəncə üsyanına rəhbərlik edib. Lakin üsyan yatırılıb və o, müsavatçıların köməyi ilə Türkiyəyə qaçıb.

1922-ci ildə marşal Yuzef Pilsudski, Cahangir bəyi Varşavaya dəvət edib, ona Polşa ordusunda diviziya komandiri vəzifəsini verib. Həmçinin Kazımbəyli burada sovetlərə qarşı yaranmış “Prometey” cəmiyyətində həyat yoldaşı Valiyyə Xoyskiylə birgə çalışıb. Onlar azərbaycan dilində qəzet, jurnal nəşr edib, “Azəri-türk” dərnəyini yaradıblar.

Kazımbəyli İkinci Dünya müharibəsində (1939-1945) Polşa ordusunun zabiti kimi iştirak edib. Döyüşlərin birində yaralanıb və almanlara əsir düşüb. Cahangir bəyi vaxtilə Yelenendorfda (indiki Göygöl rayonu), alman koloniyasında yaşayan dostu, Almaniya ordusunun zabiti, Emin Qud azad etdirib.

Cahangir bəy 1943-cü ildə Berlində Dünya azərbaycanlılarının I Qurultayının iştirakçısı, Avropada yaranan “Milli birlik” partiyasının əsas təşkilatçılarından biri olub. Parisdə və Berlində nəşr olunan “Azərbaycan” məcmuələrində, “Milli birlik” jurnalında məqalələrlə çıxış edib.

Müharibədən sonra Kazımbəyli, Misir kralı Fərruxun köməyi ilə Romaya (İtaliya) köçüb. 1953-cü ildə Amerikada nəşr edilən “Azərbaycan” milli jurnalının 12-ci nömrəsində Cahangir bəyin “Gəncə üsyanı haqqında xatirələr” adlı yazısı çap olunub. 1954-cü ildə Cahangir bəy Münxendə (Almaniya) “Azadlıq” radiosunda fəaliyyətə başlayıb və burada dünya azərbaycanlılarını sovet hakimiyyəti ilə mübarizəyə çağırıb.

Cahangir bəy Kazımbəyli 1955-ci ildə Almaniyanın Berlin şəhərinə iş görüşünə getdiyi zaman, sovet kəşfiyyatının əli ilə qətlə yetirilmişdir. O, Berlində Şəhidlik Məscidinin həyətində olan məzarlıqda dəfn olunub.

 

Mənbələr:

  1. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.
  2. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.
  3. İ.Əliyarlı, T.Behbudov. İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918-1920-ci illər). Bak-2013.
  4. Xanlar Bayramov. Gəncə üsyanı 1920. Bakı-2010.
  5. https://masimovasif.net/berlind%C9%99-cahangir-b%C9%99y-kazimb%C9%99ylinin-xatir%C9%99si-anildi/
  6. Xalq qəzeti.-2017.-7 mart.-№51.-S.9.

Ən Çox Oxunan