12.5 C
Gence
10.5 C
Ganja

“Gəncə əsnafı” əsərinin müəllifi Ağa İsmayıl Zəbih

Ağa İsmayıl Zəbih 1781-ci ildə Gəncədə anadan olub. Ağa İsmayılın “Zəbih” təxəllüsünü götürməyinin səbəbi Həzrət İsmayıl ilə bir isimdə olmağıdır. Həzrət İsmayıl atası İbrahim tərəfindən qurban verilməyə aparıldığı üçün şair özünə “Zəbih” təxəllüsünü götürmüşdür.

Gəncənin ədəbi-poetik həyatında məşhurlaşan Ağa İsmayıl Zəbihin Azərbaycan və fars dillərində müxtəlif şeir və qəzəlləri var. Onun “Gəncə əsnafı” adlı 29 bəndlik şəhrəngizində XIX əsrin əvvəllərində Gəncənin ictimai həyatı öz əksini tapır. Burada şair 85-dən çox sənət və peşə sahibinin adlarını çəkir, onların işlərinin xüsusiyyətləri, müştəri ilə münasibətlərini təsvir edir. Onun poeziyasının əsas mövzuları mənfi insan xüsusiyyətlərinin tənqidi idi. Ağa İsmayıl Zəbih M.Ş.Vazehin yaratdığı “Divani-hikmət” şairlər məclisinin üzvü olub.

Zəbih xeyli müddət Təbrizdə iqamət edib, orada ticarətlə məşğul olub və tacirbaşılıq mənsəbinə yüksəlib. Burada o, əsərlərini Vətən həsrəti mövzusunda yazıb. Şeirlərinin birində Zabih yazır:

Bu şəhrin qilü-qalından qübari-qəm tutub könlüm,

Uçub könlüm quşu hər ləhzə Azərbaycan istər.

Zəbih Təbrizdə olarkən gəncəli həmkarları, əsasən də dostu Mirzə Mehdi Naci ilə əlaqə saxlayıb. Zəbihi qardaşdan əziz tutan Mirzə Mehdi dost həsrətinə şeir də həsr edib.

Bəzi mənbələrə görə, sonradan yenidən Gəncəyə gələn şair burada 1868-ci ildə vəfat edib. Lakin bir çox tədqiqatçılara görə, Ağa İsmayıl Zəbih Vətənə qayıtmayıb və 1868-ci ildə Təbriz şəhərində vəfat edib. Onun qəbrinin harada olması məlum deyil.

Mənbələr:

  1. https://www.geostrategiya.az/news.php?id=27
  2. Firidun Bəy Köçərli. Azərbaycan ədəbiyyatı, I cild. Bakı-2005.
  3. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.

Ən Çox Oxunan