Bu gün Azərbaycanda Şuşanın azad edilməsi və Zəfər Günü qeyd olunur. Bununla bağlı Gəncəxəbər.az sizə Şuşanın Gəncə qapısı haqqında məlumat verir.
Pənahəli xanın müdafiə məqsədi ilə tikdirdiyi Şuşa qalasının günümüzə çatmış hissəsi Gəncə qapısıdır. Həmin qapının inşa tarixi Şuşa qalasının tikildiyi XVIII əsrə təsadüf edir.
Şuşa qalasının əsas – şimal qapısı olan Gəncə qapısı Zəfər tağını xatırladır. Buradan Gəncəyə, eləcə də Çiləbörd mahalına yol başlayırdı. Buna görə o, həmçinin XVIII əsrdə Çüləbörd qapısı kimi də tanınırdı. 1804-ci ildə Gəncənin Yelizavetpol adlandırılması ilə əlaqədar Gəncə qapısının da adı bir müddət Yelizavetpol qapısı olmuşdur.
Şuşa qalasının Gəncə qapısı arabaların keçməsi, digər qapıları isə ali şəxslərin keçidi üçün nəzərdə tutulurdu.
Şuşa qalasının digər qapıları ilə müqayisədə daha yaxşı vəziyyətdə saxlanılan Gəncə qapısı olub. Azərbaycan SSR dövründə Şuşa qalasının Gəncə qapısında bərpa işləri aparılmışdır.
2021-ci ildə ermənilər tərəfindən vandalizmə məruz qalan Şuşa qalasının bərpası layihəsinin ilk mərhələsi yekunlaşdı və Gəncə qapısının üzərində yenidən “Şuşa” yazısı yerləşdirildi.
Mənbələr:
- Эльтуран Авалов. Архитектура города Шуша. Баку-1977
- Tofiq Mustafazadə. Qarabağ xanlığı. Bakı-2010
- https://shusha.gov.az/az/thingstodo/32
- https://files.preslib.az/projects/shusha/az/b7.pdf
- https://culture.gov.az/az/umumi-xeberler/14488
- https://arxkom.gov.az/media/xeberler/susa-qala-divarinin-berpasi-layihesinin-ilk-merhelesi-yekunlasdi