“Zəfər Tağı” Gəncədə, dünyanın beş ən böyük parkı sırasına daxil olan Heydər Əliyev Park-Kompleksinin girişində yerləşir. “Zəfər Tağı” 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş Gününün rəmzi olaraq ucaldılıb. O, hündürlüyü və istifadəliliyinə görə dünyada dördüncü hesab edilir.
Bu “Zəfər Tağı”nın hündürlüyü 40, uzunluğu 50, eni isə 20 metrdir. Bu tağ yeddimərtəbəlidir. Abidənin üst mərtəbəsində 30 metr hündürlüyündə meydança var. Həmçinin “Zəfər tağı”nın iki lifti və pilləkəni də var.
Abidə şərq və qərb fasadlarından ibarətdir. Tağın fasadındakı mərkəzi hissə aşağıdan yuxarıya doğru şüşə və ornamentlərlə bəzədilib. “Zəfər Tağı”nın divarlarının hər yandan qarşısını kolonlar əhatə edir. Tağvari yuxarı hissədə nəbati (təbiət formalarından ibarət olan naxışlar) görkəmli plitələr yerləşir.
Zəfər Tağları Qədim Romada inşa edilməyə başlamışdır. Bu günə qədər dünyada 66 “Zəfər Tağı” ucaldılıb. Onlardan 9-u təbii fəlakətlərdən, söküntülərdən və müxtəlif səbəblərdən dağıdılıb. Bu gün mövcud olan 57 “Zəfər Tağı”nın arasında Gəncənin “Zəfər Tağı” da var.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə edəndən sonra ilk illər ölkədə hakimiyyət böhranı əmələ gəldi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Belə gündə xalq Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. O, çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı.
15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix Milli Qurtuluş Günü elan olundu və 1997-ci ildən bayram kimi qeyd olunmağa başladı.
Mənbələr:
- https://www.yenigence.com/z%C9%99f%C9%99r-tagi-g%C9%99nc%C9%99y%C9%99-xususi-yarasiq-verir/?fbclid=IwAR0e1VZZoUQAk5pqgBthgc8YpkaO24986i3vW8VlysE3yFgELrh7T1givmw
- http://heydaraliyevcenterganja.com/zefer_tagi/219-zfr-tai.html?fbclid=IwAR2Y6XgQdg9pO4zGy7_Nz-lMECPllC4DuRHQ-H17p6cp9t0JeJg0Lsm3ut4
- https://azertag.az/xeber/Qedim_Gencenin_muasir_remzi___Zefer_tagi-1098959?fbclid=IwAR15XVLlz30m3IDrHwTJBjH2bMMBW2MJckfkmXS8RxurGfbYuMDRkLz5X3w
- https://www.yenigence.com/g%C9%99nc%C9%99nin-z%C9%99f%C9%99r-tagi-2/



