16.4 C
Gence
16.4 C
Gence

Gəncənin qeyri-adi Patoloji Anatomiya Muzeyi

Patoloji Anatomiya Muzeyi Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərir. Muzeyin əsası universitetin alimləri Ənvər Xəlilov və Firudin Namazov tərəfindən 1950-1970-ci illərdə qoyulub.

Patoloji Anatomiya Muzeyinin yaradılma məqsədi insan, heyvan və quşlarda yaranan xəstəlikləri, həmçinin bu xəstəliklərin təsiri ilə baş verən dəyişiklikləri öyrənməkdir. Muzeydən universitetin bu sahə üzrə təhsil alan tələbələri və tədqiqatçılar elmi araşdırmalar aparmaq məqsədilə istifadə edirlər.

Muzeydə saxlanılan eksponatların bir hissəsi sifariş əsasında SSRİ-də bu sahə üzrə ixtisaslaşan müəssisələrdən alınıb. Eyni zamanda eksponatların bir çoxu ADAU-nun alimləri tərəfindən toplanılıb.

Muzeydə patoloji anatomiyanın bütün sahələrini əhatə edən eksponatlar var. Burada müxtəlif xəstəliklərə aid 2 minə yaxın eksponat nümayiş olunur. Muzeydə saxlanılan 5 aylıq embrionun skeleti diqqət çəkən eksponatlardan biridir. Bu skelet realdır və sovet dövründə Moskvadan alınıb. Muzeydə bundan başqa da embrionlar sərgilənir. Həmçinin burada heyvanlarda olan maddə mübadiləsi pozğunluqlarını göstərən nümunələr toplanıb. Heyvanların ayrı-ayrı orqanlarında yaranan müxtəlif ölçülü öd, mədə, böyrək daşları, qumlar və duz kristalları qorunur. Muzeydə qan dövranı pozğunluqları, tromblar, qanaxmalar və qansızmalara aid nümunələr yerləşdirilib.

Daha öncə Patoloji Anatomiya Muzeyi kiçik bir otaqda yerləşirdi. 2017-ci ildə muzey ADAU-nun rektoru İbrahim Cəfərovun təşəbbüsü və rəhbərliyi ilə yeni təmir edilmiş binaya köçürülmüşdür. Binada dörd otaq var. Bunlardan biri muzey otağı, digərləri heyvan cəsədlərini yarmaq üçün prozektoriya, muzey preparatları hazırlamaq və reaktivləri saxlamaq üçün köməkçi otaqlardır.

Mənbələr:

  1. http://adau.edu.az/cumhuriyyet_tarixi_muzeyi/pataloji-anatomiya-muzeyi-736/
  2. https://azertag.az/xeber/Gencede_qeyri_adi_muzey_FOTO_VIDEO-1053033
  3. https://modern.az/az/news/181011/5-ayliq-embrion-skeletinin-saxlanildigi-muzey-fotolar

Ən Çox Oxunan