“Şəfa çiçəyi” əczaxanası və ya “Yaşıl aptek” Gəncənin Qırıxlı məhəlləsində, Bağmanlar və Gəncə küçələrinin kəsişməsində yerləşirdi. Aptek Qırıxlı məscidinin binasında fəaliyyət göstərirdi.
Sovet dövründə dinə qarşı mübarizə çərçivəsində ilk öncə dini məbəddən anbar və yeməkxana kimi istifadə olunurdu. Ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olarkən Gəncədəki memarlıq abidələrinin qorunub mühafizə edilməsi və sakinlərin istifadəsinə verilməsi üçün xüsusi iş planı tərtib edilir. Beləliklə, məscid binası əsaslı təmir və bərpadan sonra 1980-ci ildə “Şəfa çiçəyi” adı ilə müalicəvi aptekə çevrilir. Əczaxananın açılışında Heydər Əliyev özü də iştirak edir.
Yaşıl aptekdə yalnız təbii otlardan hazırlanmış dərmanlar və müəlicəvi bitkilər satılırdı. Bu əczaxananın bitki və dərman diapazonu digər şəhərlərdə yerləşən tanınmış apteklərin diapazonundan böyük idi.
“Nedelya” qəzetinin 1980-ci il 47-ci buraxılışında əczaxana və buradakı müalicəvi otlar haqqında məqalə yazılmışdır. Orada aptek haqda belə qeyd var idi: “Şəfa çiçəyinin içərisi çox əlverişlidir. Burada çay içmək olar, qəfəslərdə ötən bülbüllərin cəh-cəhini dinləmək də, rəngarəng akvariuma baxmaq da maraqlıdır, sadəcə əyləşib istirahət etmək də…”. Qəzetin bu buraxılışından sonra Yaşıl aptekə tək Gəncə və Azərbaycandan yox, digər sovet respublikalarından da müraciət olunmağa başladı. Əsasən, buraya Ukrayna və Belorusiyadan axın çox idi.
1997-ci ildə “Şəfa çiçəyi” əczaxanası fəaliyyətini dayandırır və məscidin fəaliyyəti bərpa olunur. Şəhərin bəzi sakinləri bu günədək məscidə yaşıl aptek deyirlər.
Mənbələr:
- Неделя. – 1980. – № 47.
- Sadıq Şükürov. Gəncənin tarixi abidələrindən. Gəncə-1998.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Gəncə böyük hərflə. №19. Gəncə-2009.
- 525-ci qəzet.- 2014.- 21 oktyabr.- S.7.
- Каспiй. – 2017.- 30 сентября. – № 161.
- Каспiй. – 2017.- 3 октября. – № 162.
- https://www.youtube.com/watch?v=HAzCTd_y5yw
- https://ru-ru.facebook.com/ganjahaydaraliyevcenter/photos/ulu-%C3%B6nd%C9%99r-heyd%C9%99r-%C9%99liyevin-g%C9%99nc%C9%99-s%C9%99f%C9%99rl%C9%99ri1970-1980-ci-ill%C9%99rd%C9%99-g%C9%99nc%C9%99nin-iqtisadiy/2053881661424753/