27.5 C
Gence
27.5 C
Gence

Gəncənin Qırıxlı məscidi

Məscid Gəncə şəhərinin Bağmanlar və Gəncə küçələrinin kəsişməsində, Qırıxlı məhəlləsində yerləşir. Fərrux Əhmədovun “Gəncənin tarixi yaddaşı” və “Azərbaycan Respublikası məscidlər ensiklopediyası” kitablarında Qırıxlı məscidinin 1650-ci ildə tikildiyi qeyd olunur. Məscidin çöl divarında yerləşən kitabədə, ibadətgahın tikinti tarixi kimi 1870-1873 illər göstərilmişdir. Bəzi mənbələrdə isə məscidin tikinti tarixi 1870-1880-ci illərə aid edilir.

Kəpəz TV-nin “Gəncə adlı salnamə” verilişində, ibadətgahın yerli sakinlərin vəsaiti hesabına 1870-1880-ci illərdə inşa olunmağa başlanması, lakin işlərin yarımçıq qaldığı deyilir. Sonradan isə məscidin inşası məhəllə sakini Hacı Qasımın şəxsi vəsaiti ilə başa çatdırılıb.

Sadıq Şükürovun “Gəncənin tarixi abidələrindən” kitabında məscidin tikintisi haqqında yazılıb: “Bina darovsaradək tikildikdən sonra iş dayandırılmışdır. Yorğan-döşəkdə xəstə yatan Hacı Qasım kişi maddi çətinlik üzündən tikintinin dayandırıldığını eşidib, evdən yanındakı ağsaqqala pul verib demişdir: “Xalqın təşəbbüsünü yarımçıq qoymayın“.

Məscid kərpicdən inşa olunub və dördbucaq formaya malikdir. Damının örtüyü və günbəzi dəmir təbəqə ilə işlənib. İbadətgahın əsas giriş qapısından içəridə dəhliz yerləşir. Məscidin döşəməsi taxtadandır, divarları ağ gildən, kərpiclə hörülüb. İbadət salonunun darovsarında ərəb əlifbası ilə ağ və göy rəngdə Qurandan surələr var. Mehrabı giriş qapısı ilə üzbəüz divarda yerləşib və tağvari formaya malikdir. İbadət evinin minarəsi yoxdur. Məscidin günbəzinin üstündə aypara var.

Sovet dövründə məscid anbar və yeməkxana kimi istifadə edilib. Qırıxlı məscidi uzun müddət “Şəfa çiçəyi”, yəni yaşıl aptek kimi fəaliyyət göstərib. Burada təbii otlardan düzələn dərmanlar satılırdı. 1997-ci ildə məscid kimi fəaliyyətini bərpa etmişdir.

2018-ci ildə məsciddə əsaslı təmir işləri aparılıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. Fərrux Əhmədov. Gəncənin Tarix yaddaşı. Bakı-1998.
  2. Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001
  3. Sadıq Şükürov. Gəncənin tarixi abidələrindən. Gəncə-1998.
  4. http://ganjanews.az/2018/09/18/c%C9%99miyy%C9%99t/g%C9%99nc%C9%99d%C9%99-m%C9%99scidl%C9%99r-%C9%99sasl%C4%B1-t%C9%99mir-edilib.html
  5. https://www.youtube.com/watch?v=VoanAmonD-E&t=1662s

Ən Çox Oxunan