21.4 C
Gence
21.4 C
Gence

Gəncənin qədim İmamlı məhəlləsi

Qədim İmamlı məhəlləsi Gəncə şəhərinin indiki Vaqif, Fətəli xan Xoyski, qismən İsrafil Məmmədov və Şeyx Nizami küçələrinin müxtəlif hissələrini əhatə edir. Fərrux Əhmədovun “Gəncənin tarixi yaddaşı” kitabında məhəllənin əsasının beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahimin zamanında, VII-VIII əsrlərdə qoyulduğu qeyd olunub.

İmamlı məhəlləsinin adı İmamlardan olanlar mənasını verir. Məhəllə sakinlərinin dediklərinə görə, buranın İmamlı adlandırılması, İmamzadə ziyarətgah kompleksinə gedən əsas magistral yolunun məhəllədən keçməsidir. Aşura günündə məhəllə sakinləri, İmamzadə ziyarətgahına yalnız piyada gediblər.

İmamlı məhəlləsi haqqında digər bir rəvayətə görə, buranın adı İmama sitayiş edən, yəni seyidlərin çox olması ilə əlaqədardir. Eyni adlı məhəllənin Şamaxıda, Bərdədə və Türkiyənin Sarvan vilayətində mövcud olması onu göstərir ki, İmamlı toponimi 12 İmamdan birinə aid olmağı ilə yanaşı, Ərəb xilafəti dövrünə (632-ci ildən 1258-ci ilə qədər) aiddir.

Alim Sədnik Paşayev Kəpəz.Tv-ə verdiyi müsahibədə bildirib ki, məhəllə iki hissədən: Kiçik və Böyük İmamlıdan ibarət idi. Onun dediklərinə əsasən, Kiçik İmamlının camaatı loğmanlıqla məşğul idilər. Onlar təbii bitkilərlə insanları müalicə edirdilər. Böyük İmamlının sakinləri isə dini müdafiə edənlər idi.

Məhəllə ağsaqqalları Məşədi Hüseyn, Kərbalayi Həsən Hacı, İbrahim Usub, Kərbəlayi Həmzə Hacı İmamlı məhəlləsinin ictimai həyatında əsas mövqe tutmuşdurlar. Yerli sakinlər, həmçinin ticarət, sənətkarlıq (əsasən boyacılıq, şərbaflıq, dulusçuluq) və xırda xidmət sahələrində çalışırdılar.

Məhəllədə üzüm bağları da olub. Onlar əsasən Gəncəçayın sol sahili boyuna salınmışdır. Üzüm bağlarının sulanması, həmçinin İmamlının su təchizatı Karxana arxının və Seyid kəhrizinin hesabı ilə həyata keçirdi.

1804-ci ilin mayında İmamlı məhəlləsində 39 ev var idi, 226 nəfər yaşayırdı. XX əsrin əvvəlində burada yaşayan ailələrin sayı 980-ə çatmışdı. Həmçinin İmamlı üç hamamı mövcud olan yeganə məhəllə olub. Kişilər üçün Hacısaatdı, qadınlar üçün Hacı Xeyransa, kişi və qadınlar üçün Xas hamamı. Bundan əlavə, məhəllədə İmamlı məscidi də var idi. Məscidə “Hacısaatdı” məscidi də deyilirdi.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998
  2.  https://www.youtube.com/watch?v=xdVeVNBmXAY

Ən Çox Oxunan