26.4 C
Gence
26.4 C
Gence

Gəncənin qədim körpüləri

Gəncə şəhərində 1939-1940-cı illərdə qazıntılar zamanı, Gəncəçay üzərində XI-XII əsrlərə aid üç körpünün qalıqları aşkar edilmişdir. Bu körpülər qədim Gəncənin sol və sağ hissələrini birləşdirirdilər.

Birinci və ya yuxarı körpü şəhərin sol sahilinin cənub hissəsindən 160 metr məsafədə yerləşirdi. Onun eni 4 metr idi. Körpünün kənarları şəhərin hər iki hissəsinin qala divarlarına yaxınlaşırdı. Bu kənarların üzərilərində qüllələr ucaldılmışdır. Körpünün dayaqları dağılmışdır, lakin onlardan biri yaxşı qalmışdır. Bu, körpünün orijinal görünüşünü yenidən təsəvvür etməyə kömək edir.

Çayın aşağı hissəsində, birinci körpüdən 240 m məsafədə, ikinci və ya orta körpünün bir hissəsi qalmışdır. İkinci – orta körpünün qalıqlarından onun but daşından tikildiyi və mərmərə bənzər daşla üzləndiyi bəlli olmuşdur. Sol və sağ sahillərdə keçid qalıqları da vardır. Sağ sahildə körpünü və onun çıxdığı qala qapılarını qoruyan bir qüllə də var idi.

Orta körpüdən 400 m aşağıda yerləşən üçüncü körpünün, bir kənarı şəhərin sağ sahil hissəsinin divarlarına yaxınlaşırdı, digər kənarı isə şəhər divarlarından kənara çıxırdı. Eni 6,70 metr idi. Bu körpü digərlərindən enli idi və mütəxəssislər onun çaydaşı, bişmiş kərpicdən tikildiyini söyləyirdilər. Ehtimal etmək olar ki, orta əsrlərdə Gəncədən keçən karvanlar məhz bu körpünün üzərindən keçirdilər.

Bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşən daha iki körpü mövcud idi.

XI-XII əsrlərə aid üç körpü qalıqları Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxildir.

Mənbələr:

  1. https://www.azerbaijans.com/content_1784_az.html
  2. К. М. МАМЕД-ЗАДЕ. СТРОИТЕЛЬНОЕ ИСКУССТВО АЗЕРБАЙДЖАНА. Баку-1983
  3. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı-1991
  4. Gəncənin maddi mədəniyyət abidələri. Bakı-2004
  5. Foto: Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı-1991.

Ən Çox Oxunan