26.4 C
Gence
26.4 C
Gence

Gəncənin qədim dulusçuluq sənəti

Gəncə ərazisində dulusçuluq sənətinin ənənələri e. ə VIII-VII minilliklərdə ortaya çıxmışdır. Qazıntılar zamanı tapılan ən qədim saxsı məmulatlar neolit ​​və eneolit ​​dövrünə aiddir.

Son tunc və erkən dəmir dövründə, e. ə. XIV-VII əsrlərdə Gəncədə dulusçuluq sənəti inkişaf etməyə başlayıb. Burada dulusçuluq sənətinin əsas fərqli xüsusiyyəti ağ örtüklü və ya cızma naxışları ağ boyaq maddəsi ilə doldurulmuş saxsı məmulatların hazırlanması idi.

Gəncə və onun ətrafı ərazilərində müxtəlif vaxtlarda aparılan tarixi-arxeoloji tədqiqatlar və qazıntı işləri nəticəsində, Gəncə dulusçuluq sənətinin nümunələri yaşayış yerlərindən və qəbirlərdən aşkar edilmişdir. Gəncə dulusçuluq sənətinin son tunc və erkən dəmir dövrünə aid nümunələrinin ornamentləri: həndəsi formalı, zoomorf xarakterli (heyvan, quş təsvirləri), antromorf xarakterli (insan təsvirləri), nəbati xarakterli (bitki təsvirləri) idi.

IX-X əsrlərdə ümumi istifadə üçün bişmiş gildən qablar ilə yanaşı, Gəncədə daha bahalı qlazur və polixrom qablar istehsal olunurdu. Bu məmulatlar şəffaf qlazur altında anqob naxışlar (dekorativ keramika örtüyü), manqan və yaşıl boya ilə bəzədilmişdilər.

XI-XIII əsrlərin əvvələrində Gəncə arran dulusçuluq məktəbinin mərkəzlərindən biri sayılırdı. Burada saxsı qabların hazırlanmasında əsasən firuzə rəngi istifadə olunurdu.

Tarixçi M.M.Altman “Gəncə şəhərinin tarixi oçerki” kitabında yazmışdır: “Qazıntılar zamanı aşkarlanan qab və onların fraqmentləri, burada müxtəlif saxsı məmulatlarının (küpələr, qablar, çıraqlar, və s.) çeşid fərqini və məhsul keyfiyyətini göstərir“.

Gəncədə son orta əsrlərdə dulusçuluq qalmaqda davam edirdi. Gəncə dulusçuları öz işlərini yaxşı bilən sənətkarlar kimi xarakterizə olunurdular. Onlar ətraf ərazilərdən əldə edilən gildən, şəhərdə fəaliyyət göstərən iki böyük dulusçuluq emalatxanasında saxsı məhsulları istehsal edirdilər. XVII əsrdən başlayaraq Gəncədə farfor qablarının istehsalı daha geniş yayılmışdı.

1868-ci ildə Gəncədə cəmi 10 dulusçu, 1890-cı ildə isə 8 dulusçu var idi.

 

Mənbələr:

  1. Gəncə tarixinin aktual problemləri. Gəncə -2010.
  2. М. М. Альтман. Исторический очерк города Гянджа. Баку-1949
  3. Гасанов Эльнур Лятиф оглы. О развитии гончарного ремесла Гянджи в раннем железном веке.
  4. Fəxrəddin Nərimanoğlu. Ulu Gəncə. Bakı-2000.
  5. М. Х. Гейдаров. Города и городское ремесло Азербайджана XIII-XVII веков. Ремесло и ремесленные центры. Баку-1982.
  6. Поливная керамика Средиземноморья и Причерноморья X-XVIII вв. Том 2. Казань-Кишинев-2017.
  7. Camal Mustafayev. Son orta əsrlərdə Azərbaycanda saxsı məmulatları istehsalı.
  8. В.Н. Левиатов. Керамика Старой Гянджи. Баку-1940.

Ən Çox Oxunan