21.9 C
Gence
14.5 C
Ganja

Gəncənin ən qədim təhsil ocaqlarından biri: İsmət Qayıbov adına 1 saylı tam orta məktəb

1 saylı tam orta məktəb Gəncənin İsmət Qayıbov küçəsi, 2 ünvanında yerləşir. Bu təhsil ocağı şəhərin ən qədim məktəblərindən biridir. Bunu 1983-cü ildə Azərbaycan SSR Ali Sovetinin məktəbin 150 yaşının qeyd edilməsi barədə qərarı və 1984-cü ilin aprelində yubiley tədbirlərinin keçirilməsi sübut edir. Məktəb Azərbaycan Respublikasının ilk Baş prokuroru İsmət Qayıbovun adını daşıyır.

XIX əsrdə Şah Abbas məscidində məktəb-mədrəsə fəaliyyət göstərirdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həmin məktəb-mədrəsənin bazasında orta təhsil müəssisələri yaradıldı.

1 saylı tam orta məktəb ilk öncə birmərtəbəli binada yerləşdirildi. 1934-1936-cı illərdə isə həmin ərazidə Gəncənin ilk böyük, dördmərtəbəli binası inşa edildi. Bu, məktəbin birinci korpusu idi. 1974-cü ildə isə təhsil ocağının ikinci korpusu tikilib.

Böyük Vətən müharibəsi illərində təhsil ocağının binası hərbi xəstəxanaya çevrilsə də, sonradan yenə məktəb kimi fəaliyyət göstərməyə başlayıb.

1 saylı tam orta məktəbdə müxtəlif illərdə Səməd Vurğun, Əhməd Cavad, Hüseyn Cavid, Mir Cəlal Paşayev, Əli Nəzmi, Həmid Araslı kimi şəxsiyyətlər müəllimlik ediblər.

Bəstəkarlar Qəmbər Hüseynli, Fikrət Əmirov, akademiklər Mirəli Qaşqay, Əli Quliyev, Musa Musayev, ədəbiyyatçılar Abdulla Sur, Ələkbər Ziyatay, Novruz Gəncəli, Nurəddin Babayev və digər tanınmış şəxsiyyətlər bu məktəbdə təhsil alıblar. Bundan başqa, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlı İsrafil Məmmədov, Gəncənin müstəqillik mübarizəsinin ilk şəhidi Bəxtiyar, Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədov, Qarakənd faciəsində şəhid olmuş Baş prokuror İsmət Qayıbov 1 saylı tam orta məktəbin məzunları olublar.

Məktəbdə 2015-2017-ci illərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Mənbələr:

  1. Gəncə böyük hərflə. №6. 2007.
  2. https://ganja.edu.gov.az/az/page/5003
  3. https://president.az/az/articles/view/25809/print
  4. https://vetendas.az/ism%C9%99t-qayibov/