25.8 C
Gence
25.8 C
Gence

Gəncənin İmamzadə türbəsi haqqında rəvayət

Gəncədə yerləşən İmamzadə türbəsi haqqında bir rəvayət var. Bu rəvayət alim Sadıq Şükürovun “Gəncənin tarixi abidələrindən” əsərində yazılmış, 1967-ci ildə Goranboy rayon sakini, Gəncə şəhəri 27 nömrəli orta məktəbin tarix müəllimi olan Yusifov Bayramın danışığından götürülmüşdür.

Rəvayətə görə, beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahim qan davası zamanı kiçik qardaşı ilə sağ qalıb, qaçıb Azərbaycan ərazisinə gəlmişdir. Onlar Bərdəyə gəlib, burada sığınacaq tapmışdırlar.

Bir neçə ildən sonra qardaşların sağ qaldıqlarını düşmənlər bilib, Bərdəyə gəlib və onları tələb etmişdilər. Bu zaman İbrahim şahzadə çöldə işləyirmiş. O, düşmənlərin Bərdəyə gəldiyindən xəbər tutub, baş götürüb Əhmədbəyli kəndinə (indiki Samux rayonunun ərazisi, İmamzadə türbəsindən 5 km aralıqda), Gəncəbasarın hörmətli, nufuzlu feodalı Əhmədbəyin yanına qaçmışdır. Bu bəy, İbrahimin gündüzlər kəndin yaxınlığındakı meşədə gəzməyinə, axşamlar evdə gecələməsinə razılıq vermişdi.

Bir dəfə çox gəzib dolaşan şahzadə yorulur, meşədən keçib, kəndə tərəf axan çayın (indiki Gəncəçay) yaxınında yatır. Əhmədbəyin düşmənləri isə onu hörmətdən salmaq üçün himayəsinə götürdüyü qonağı – şahzadəni öldürür. Bundan xəbər tutan Əhmədbəy, şahzadəni öz adına layiq, alban-türk abidələrinin xarabalıqları yanında (hal-hazırda İmamzadə kompleksinin yerləşdiyi ərazi) dəfn etmişdir.

Bir müddət sonra qərib qəbir adlanmış, sonra isə “Qərib İmamzadə” adı ilə tanınmışdır. İllər keçdikcə onun ətrafında “Qərib İmamzadə”nin şərəfinə dəfn edilənlərin sayı artmışdır. Bundan sonra öz qohum-əqrəbasının qəbrini yad etməyə gələnlər, əvvəlcə qərib qəbri ziyarət edirdilər, onun üstündə şam yandırırdılar. Nəsillər dəyişdikcə bu qəbir öz qəribliyini itirib, müqəddəsləşmiş və ziyarətgaha çevrilmişdir.

Hal-hazırda dövrümüzə gəlib çatan İmamzadə kompleksində, alban memarlıq üslubundan heç bir əlamət qalmayıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan