25.4 C
Gence
18.5 C
Ganja

Gəncənin ilk rus-tatar məktəbinin yaranma tarixi

Rus-tatar (Azərbaycan) məktəbi Gəncənin Bağmanlar yaşayış sahəsinin qədim İmamlı məhəlləsində yerləşirdi. Məktəb 23 aprel 1898-ci ildə yerli əhalinin topladığı vəsait hesabına açılmışdır.

Gəncənin ilk rus-tatar məktəbinin məhz Bağmanlarda açılmasının səbəbi var idi. Həmin dövrdə bu ərazidə oğurluq, qətl hadisələri və digər cinayətlər çox olurdu. Bağmanlarda hətta polislərə sui-qəsd cəhdləri də olurdu. Bu səbəbdən şəhərin polismeystri V.A.Popov burada cinayət və oğurluq hallarının azalması üçün sakinlərin savadlı olmasını çıxış yolu kimi görür.

Popov ianələr toplamağa başlayır. Bir qədər pul topladıqdan sonra o, məktəb üçün bina inşa etdirmək qərarına gəlir. Popov binanın tikintisinə pul almaq üçün neft milyonçusu Hacı Zeynalabdin Tağıyevə və  Bakı şəhər dumasının üzvü ​ Bala bəy Orucəlibəyova müraciət edir. Onlar birlikdə 4000 rubl ianə bağışlayırlar.

Məktəbin açılışında şəhər qubernatoru general-mayor İ.P.Kireyev, bütün idarələrin rəhbərləri, məmurlar və​ əsasən, Gəncənin müsəlman əhalisi var idi. Kireev burada çıxış edir. O, bağmanlılara üz tutaraq, burada məktəb açılmasından məmnun olduğunu bildirir. Qubernator hər cür cinayət yuvası olan Bağmanların savadlı insanların çoxalması ilə dinc yaşayış məskəninə çevriləcəyini deyir.

Rus-tatar məktəbinin fəaliyyəti ilk açılış gününə 20 şagirdlə başlayır. 1902-ci ildə burada 60-dan çox şagird təhsil alırdı. Lakin bağmanIılar məktəbə güvənmədikləri üçün uşaqlarını oraya buraxmırdılar. Daha sonra bu vəziyyət düzəlir.

Təhsil müəssisəsinə Azərbaycan dili və şəriət müəllimi kimi Mirzə Abbas Abbaszadə təyin edilmişdi. Həmçinin məktəbdə ictimai xadim Hacı Kərim Sanılı dərs deyib.

Çar hakimiyyəti dövründə açılan təhsil müəssisəsinin binası Əlövsət Məmmədov küçəsi, 16-da yerləşir və hal-hazırda burada 4 saylı Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.

Mənbələr:

  1. Газета “Кавказ”.1898. №113.
  2. Газета “Кавказ”.1898. №107.
  3. Газета “Тифлисский листок”. 1902. №82.
  4. Газета “Тифлисский листок”. 1902. №11.
  5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.
  6. Amalya Qasımova.“İşıq” jurnalı. 2013.
  7. Azərbaycan. – 2018.- 5 may. – № 101. – S. 10.