19.1 C
Gence
19.1 C
Gence

“Gəncənin gözəli” və Mikayıl Müşfiqin sevgi hekayəsi

Mikayıl Müşfiq və gəncəli Dilbər Axundzadə 1931-ci ildə Pedaqoji universitetin buraxılış gecəsində tanış olublar. Dilbərin əmisi arvadı Müşfiqlə tələbə yoldaşı idi və Dilbəri özü ilə həmin gecəyə aparmışdı.

İkinci dəfə onlar Bakıda, indiki İstiqlaliyyət küçəsində rastlaşırlar, söhbət edirlər. Sonra isə Dilbərin rəfiqəsi Pirayə, Müşfiqdən ona məktub gətirir. Məktubda Dilbərə yazılan iki sevgi etirafı şeiri var idi.

Dilbər də Müşfiqə aşiq olur, tez-tez görüşür və hər görüşdə Müşfiq ona yazdığı şeirləri oxuyur. Müşfiqin Dilbərə həsr etdiyi “Dilbərnamə” adlı şeirlər toplusu da var idi. 1932-ci ilin aprelində onlar nişanlanırlar. İki sevgilinin nişanında Hüseyn Cavid həyat yoldaşı Mişkinaz xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla, müğənni Bülbül də iştirak etmişdirlər. Eyni zamanda Səməd Vurğun, Rəsul Rza və Nigar Rəfibəyli və s. şair və yazıçılar nişana gəlirlər.

20 iyun 1933-cü ildə onlar evlənir və oğulları dünyaya gəlir. Lakin sonradan uşaq vəfat edir. Mikayil Müşfiq bu evlilikdən sonra Dilbərə deyir: “Dilbər, kasıb oğlan idim, sənin şeir vurğunu olduğunu görüb aldadıb aldım səni”. Dilbər isə cavab verərdi: “Var-dövlət müvəqqəti olduğu halda sənin adın, sənətin əbədidir. Mən səninlə fəxr edirəm”.

1937-ci ildə Mikayıl Müşfiq repressiyaya uğrayır. Dilbər illər sonra onların son görüşünü belə təsvir edir:

Dönüb baxdın üzümə,

Həsrət qondu gözümə.

Kədər düşdü üzümə

Sən ayrılıb gedəndə.”

1938-ci ildə Mikayil Müşfiq güllələnir. Dilbər Axundzadəni Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs edirlər. Sonra Dilbəri azad edirlər və o, ikinci dəfə ailə qurur, lakin Müşfiqli xatirələr ilə yaşayır. Bunu onun qızı Leyla Axundzadə da təsdiq edir: “…evimizdə elə mühit olub ki, ancaq Müşfiqdən danışılıb“.

Dilbər Müşfiqin illərlə yaddaşında saxladığı 50-dək şeirini və “Müşfiqlı günlərim” kitabını nəşr etdirmişdir. O, 1990-cı ildə Bakıda vəfat edib.

 

Mənbələr:

  1. Dilbər Axundzadə. Müşfiqli günlərim. Bakı-2006.
  2. Ədəbiyyat qəzeti.-2009.-26 iyun.-S.3.
  3. http://pia.az/musfiqin-yadigari-dilber-axundzade-369010-xeber.html
  4. https://modern.az/az/news/91532
  5. https://news.milli.az/interest/298208.html

Ən Çox Oxunan