25.3 C
Gence
19.5 C
Ganja

Gəncənin Şatırçılar məhəlləsi: XIX əsrdə içməli su satanların küçəsi

Şatırçılar və ya Fəttahlılar məhəlləsi Gəncənin “Dördyol” məhəlləsinin qərb hissəsində, indiki Nağı bəy Şeyxzamanlı küçəsində yerləşir.

Şatır oğuz türklərində tayfa adıdır. Həmçinin ehtimal edilir ki, məhəllənin adı orta əsrlərə aid idman növlərindən biri olan “şatırçılıq” ilə bağlıdır. Şatırçılıq qaçış növü olub.

Səfəvilər dövründə varlı süvari şəxsləri müşayiət edənlər şatır adı ilə tanınıblar. O zamanlar “şatır”lıq xüsusi bir mədəniyyət sahəsi olub və bir peşə kimi nəsildən-nəslə, atadan-oğula keçib. Bu peşəni idarə edən xüsusi təşkilat mövcud idi və onun başçısı “şatırbaşı” adlanıb.

Şatırların təliminə 6-7 yaşlarından başlanılırdı. İlk dəfə yerimə qaydaları, birinci ildən sürətlə qaçmaq və ilin sonuna qədər 4 km məsafəni birnəfəsə qaçmaq öyrədilirdi. Şatırlıq təliminə başlayan gənc 18 yaşına qədər hər il əvvəlki ilə nisbətən qaçış sürətini artırırdı. Şatırlığa tamamilə yiyələndikdən sonra idmançı şatırlıq adını almaq üçün xüsusi yoxlamalardan keçməli olurdu. Şatırların xüsusi geyimləri olurdu.

XIX əsrin ortalarında idmançı-şatırlar öz funksiyalarını itirdilər. Bundan sonra Gəncədə içməli su satanlara “şatır”lar deyilməyə başlandı. Onlar kəhrizlərdən və arxlardan tuluqlara su doldurub: “Ay ürəyi yanan, sərin su”,- deyə car çəkərdilər. Beləliklə, şatırlar insanların çox olduğu meydanlarda, bazarlarda içməli su satırdılar. Şatırların evləri bazara yaxın olduğu üçün bu küçəyə “Şatırçılar” məhəlləsi deyilirdi.

I Şah Abbas Səfəvinin dövründə Dördyol məhəlləsinə Şatır arxı çəkilib.

XIX əsrin sonlarında məhəllədə xeyirxah ağsaqqal Hacı Fəttah baba yaşayırdı. Onun şərəfinə isə yerli əhali həmin məhəlləyə “Fəttahlılar” deməyə başladı.

Məhəllədə həmçinin Hacı Ələsgərlilər, Hacı Qədimlilər, Şeyxzamanlılar və Həsən Fəttah oğlunun törəmələri indi də yaşayırlar. Bu məhəllədə Şatır arxından əlavə, Hacı Qədimlilərin kəhrizi də var idi. Bu gün Şatır arxı və kəhriz məhəllə sakinlərinin həyətyanı sahələrinin içindədir.

Şatırçılar məhəlləsində Azərbaycan Xalq Cümhuriyyəti qurulmasında fəal iştirak edən Məhəmməd Bağır və Nağı bəy Şeyxzamanlı qardaşlarının, əmisi oğulları Cabbar bəy Şeyxzamanlının evi yerləşirdi.

Mənbələr:

  1. Məmməd Dadaşzadə. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı-1985.
  2. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  3. Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.
  4. https://www.youtube.com/watch?v=Lb2fb3fS610
  5. Foto: https://goskatalog.ru/portal/#/collections?id=20611141
Goskatalog saytından foto
Goskatalog saytından foto
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az