16.4 C
Gence
16.4 C
Gence

Gəncənin Şah Abbas məscidi haqda 5 maraqlı fakt

Şah Abbas məscidi Gəncənin mərkəzində, Heydər Əliyev prospektində yerləşir. İbadət evi 1606-cı ildə Səfəvi Şah Abbasın göstərişi ilə inşa edilib. Məscidin memarı Şeyx Bəhaəddin Məhəmməd Amilidir. Sizə bu memarlıq abidəsi haqqında 5 fakt təqdim edirik:

  1. Bu ibadət evinin digər məscidlərə xas olmayan bir xüsusiyyəti var. İlin istənilən günündə, saat 13:00-da binanın qərb divarına düşən kölgə itir. Bu əlamətə görə keçmişdə insanlar bununla günorta namazının başlama vaxtını bilərdilər. Həmçinin bu saatda günəş şüası pəncərədən içəridəki eyni kərpicin üzərinə düşür.
  2. Şah Abbas məscidinin giriş tağında olan qapının üstündə iki daş kitabə bu günədək qorunub saxlanılır. Kitabələrdən birinin üzərində farsca yazı mövcuddur: “Gəncə şəhərində hər kəs bilə-bilə və ya bilmədən mülkiyyətə daxil olan Yuxarı və Aşağı məhəlləni qəsb etsə, əhaliyə zərər yetirsə, vilayətdə qarışıqlığa səbəb olsa, Allahın və imamların tənəsinə düçar olsun”.
  3. 1885-ci ilin “Qafqaz təqvimi”ndə 1794-cü ildə Qarabağ xanının Gəncəyə hücumu zamanı məscidin ciddi dağıntılara məruz qaldığı haqda yazılıb. Lakin “Milli-Kimlik” Araşdırmalar Qrupunun üzvü bu məlumatın yanlış olması haqda bir məqalə yazıb. O, qeyd edib ki, 1794-1796-cı illərdə Gəncə bir neçə dəfə Qarabağ xanlığının hücumlarına məruz qalsa da, şəhər ələ keçirilməmişdir. 1780-ci ildə Qarabağ xanı Gəncəni özündən asılı vəziyyətə salmışdı, ancaq o zaman şəhər döyüşsüz təslim olmuşdu. Tədqiqatçının sözlərinə əsasən, bu halda qaliblər, adətən, xəracın alınması ilə kifayətlənir və dağıntı törətmirdilər. Həmçinin müsəlman və azərbaycanlı olan Qarabağ döyüşçüləri heç bir vaxt məscidə zərər verməzdilər.
  4. Məscidin bünövrəsi möhkəm olduğundan 1826, 1861, 1867, 1870, 1896, 1900, 1903, 1907, 1908, 1910, 1938-ci illərdə Gəncədə baş vermiş zəlzələlərin dağıntısına məruz qalmamış, tab gətirə bilmişdir.
  5. 2008-ci ildə məscidin binasının əsaslı təmiri zamanı zərfin içində XX əsrin əvvəllərinə aid köhnə rus çar əsginasları tapılıb. Məktubdan məlum olur ki, Molla Qasım adlı şəxs məscidi öz hesabına təmir etdirmiş, yerdə qalan 180 rublu isə məscidin divarına hörmüşdür ki, bu pul gələcəkdə dini məbədin təmirinə sərf olunsun.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Азербайджанский конгресс.- 2014.- 23 мая.- С.14.
  3. https://moderator.az/arasdirma/407586/gencedeki-sah-abbas-mescidini-qaraba-xani-yox-hay-fitnesi-ile-isalci-rus-ordusu-daidib/javascript();
  4. http://ganjatv.az/manshet/57-gnc-ah-abbas-mscidi.html
  5. https://sirat.az/shm_point/g%C9%99nc%C9%99-s%C9%99h%C9%99ri-sah-abbas-cum%C9%99-m%C9%99scidi/
  6. https://azertag.az/xeber/Gencede_Sah_Abbas_yadigari-940730
  7. https://azertag.az/ru/xeber/V_XODE_REMONTA_MECHETI_SHAXA_ABBASA_V_GYANDZHE_NAIDENY_STARYE_KUPYURY-690000
  8. https://aztv.az/az/news/4358/sah-abbasin-gencedeki-yadigari-cume-mescidinden-reportaj
  9.  http://anl.az/down/meqale/az_konqress/2014/may/373150.htm

Ən Çox Oxunan