16.4 C
Gence
16.4 C
Gence

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti qeyri-hökumət humanitar qurumu idi. Bu qurum gəncəli ictimai-siyasi xadim Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə Gəncədə yaradılıb. Cəmiyyətin nizamnaməsi 30 iyun 1906-cı ildə Gəncə qubernatoru tərəfindən təsdiq edilib.

Qurum kasıb müsəlman ailələrinə paltar, ərzaq, ev, tibbi xidmət yardımı göstərir və bəzi hallarda pul müavinəti vermək məqsədilə fəaliyyət göstərirdi. Həmçinin Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti imkansız ailələrin uşaqlarının Rusiya imperiyasının orta və ali məktəblərində (Tiflis, Odessa, Peterburq və s.) oxumaq üçün təhsil haqlarının ödənilməsini nəzərdə tuturdu.

Bu cəmiyyət imkansızlara ərzaq anbarları və mağaza açmışdır. Qurum Gəncədə yaşayan kasıb insanlara Novruz, Ramazan və Qurban bayramlarında köməklik etmək üçün onları siyahıya almışdır. Cəmiyyət Novruz bayramında Gəncənin 18 məhəlləsində ehtiyacı olan 2163 nəfərə 5292 manatlıq, Mövlud bayramında isə 2748 nəfərə 5496 manatlıq  yardım göstərmişdi.

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti vəsaiti üzvlük haqlarından, şəhər sakinlərinin köçürdüyü ianələrdən, qurumun təşəbbüsü və iştirakı ilə keçirilən tamaşalardan, konsert və başqa tədbirlərdən əldə edilən gəlirlərdən toplayırdı. Qurum Qarabağ və Zəngəzurda erməni daşnakları tərəfindən soyqırıma məruz qalan müsəlmanlara tamaşa və xeyriyyə konsertləri də təşkil edirdi.

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti 1918-ci ildə Qərbi Azərbaycandan olan on minlərlə qaçqına yardım göstərmişdir və yurd yerləri ilə təmin etmişdir. Həmçinin qurum Bakının, Tiflisin və Şuşanın Müsəlman Xeyriyyə Cəmiyyətləri ilə sıx əlaqə saxlayırdı.

1914-1919-cu illərdə cəmiyyətin idarə heyəti 12 nəfərdən ibarət idi. 1916-cı ildə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin 60-dan çox üzvü var idi. Onlardan dördü qurumun ömürlük fəxri üzvü idi və ayda 200 manat üzvlük haqqı ödəyirdilər: Hacı Məhəmmədhüseyn Rəfizadə, Hacı Əli Hüseynzadə, Hacı Ələkbər Hacızadə, Hacı İmamqulu Ağazadə. Digər fəxri üzvlər isə ayda 20 manat, sadə üzvlər isə 5 manat üzvlük haqqı ödəyirdilər. Onların arasında Rəfibəylilər, Xasməmmədovlar, Səfikürdskilər, Ziyadxanovlar, Pişnamazzadələr və digər nəsillərin nümayəndələri var idi.

Mənbələr: 

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  2. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.
  3. Foto: Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.

Ən Çox Oxunan