23 C
Gence
23 C
Gence

Gəncəlilər haqqında rəvayət: Roma qəbiristanlığı

Qədimdə Gəncənin Qoşqar səmtində bir qəbiristanlıq var idi. Həmin qəbiristanlıq hal-hazırda Daşkəsən rayonunun Bayan kəndi ərazisində yerləşir.

Rəvayətə görə, bu qəbiristanlıqda dünyanı sarsıdan Roma qoşunlarının məzarları olub. Əfsanədə gəncəlilərin və Roma qoşunlarının vuruşmasından danışılır.

Bir çox dövlətləri viran edən Roma qoşunları Gəncə dağlarından keçmək istərkən gəncəlilər buna imkan vermir.  Gəncənin təkcə  kişiləri yox, qadınları da at minir, qılınc çəkir, ox atır və düşməni göz açmağa qoymurlar. Romalılardan qırılan qırılır, qalanlar da düzənliyə yığışır ki, tələ qurub, gəncəlilərin enməsini gözləsinlər.

Yad yerdə  Gəncənin havası da, torpağı da düşmənə qənim kəsilir. Yağış bir yandan, duman bir yandan. Romalılar yolu-izi itirirlər və dağ meşələrinə sığınırlar. Bu zaman hər yandan yağış kimi ox yağmağa başlayır və səhərə qədər belə davam edir. Gün çıxıb, duman da çəkiləndən sonra romalılar görürlər ki, at belində qılınc oynadan bu döyüşçülərin çoxu qadın imiş.

Ölənlər ölür, sağ qalanı da yerə uzanıb əllərini göyə qaldırır. Mərd qadınlar deyirlər ki, qalxın ayağa, bizim daha sizinlə işimiz yoxdur. Gəldiyiniz yolla geri qayıdın. Öz padşahınıza deyin ki, bir də bizim tərəflərə qoşun göndərməyə cürət etməsin. Rəvayətə görə, romalılar dağılışır, bir az sonra isə ölüləri bir yerə basdırırlar, beləliklə də, “Roma qəbiristanlığı” yaranır.

Bu rəvayətin mənası odur ki, gəncəlilər həmişə dosta dost, düşmənə düşmən olublar.

Mənbələr: 

  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.
  2. https://www.youtube.com/watch?v=5ZS95Sp_Hfw&t=418s
  3. http://www.anl.az/down/meqale/azerbaycan/2010/aprel/114876.htm

Ən Çox Oxunan