16.4 C
Gence
16.4 C
Gence

Gəncəlilər almanların sürgün edilməsinə necə qarşı çıxdılar?

Birinci Dünya müharibəsi zamanı (1914-1918-ci illər) Rusiya imperiyasının tərkibində yaşayan almanlar üçün çətin bir vəziyyət yarandı.

Müharibə başlayandan bir müddət sonra Gəncə valisinə Qafqazdakı almanlarla əlaqədar bir teleqram gəlir. Teleqrama əsasən, alman koloniyalarında yaşayan almanlar 60, 40 və 20 qızıla əmlaklarını satmalı idilər. Lakin bu qiymət çox aşağı idi və ən kasıb almanın mülkü və heyvanlarının dəyəri bir neçə yüz qızıl dəyərində idi. Həmçinin onların əmlakları digər xristianlara satılmalı, almanlar isə Sibirə sürgün edilməli idilər.

Bu hadisə gəncəliləri narahat etdi və onlar almanların sürgün edilməsi ilə razı olmadılar. Bu səbəbdən şəhərin siyasi xadimləri toplaşaraq, məsələni müzakirə etdilər. Onlar gəncəli ictimai-siyasi xadim Ələkbər bəy Rəfibəylinin Gəncə valisi ilə görüşməsini və onunla söhbət etməsini qərarlaşdırırlar.

Qərardan sonra Ələkbər bəy Gəncə valisi Kovalyovun yanına gedir, gəlişinin səbəbini açıqlayır və Kovalyova deyir: “… alman kəndliləri haqqında Çarın göndərdiyi əmri öyrəndik. Bunu eşidən azərilər çox məyus oldular. Rusiyanın bir ucunda Almaniya ilə müharibə edirsinizsə, buradakı alman kəndlilərinin nə qəbahəti yar. Onlar ordunuza əsgər verirlər, vergilərini vaxtlı-vaxtında ödəyirlər. Onlar da bütün Rusiyada yaşayan xalqlar kimi hökumətə, orduya yardım etməkdən geri qalmırlar. Rahat yaşadıqları halda onları pərişan etmək, var-dövlətlərini dəyər-dəyməzə əllərindən alıb başqasına vermək və özlərini də Sibirə sürgün etmək heç də ağlabatan iş deyil. Belə bir hərəkət qanuna sığmadığı kimi, vicdana da sığmaz. Xalqımız xəbəri eşidən gündən almanlar qədər üzüntü içindədir…”

Ələkbər bəy, həmçinin bu qərar həyata keçərsə, xalqın dövlətə qarşı üsyana qalxacağını və bunun səbəbkarı hökumətin olacağını deyir.

Gəncəli ictimai-siyasi xadim Nağı bəy Şeyxzamanlı xatirələrində bu hadisə haqda belə yazır: “Ələkbər bəyin bu təşəbbüsü öz təsirini dərhal göstərdi və rus hökuməti verdiyi qərarı ləğv etdi. Bu hadisədən bir xeyli sonra məsələdən xəbərdar olan alman kəndliləri Rəfibəyliyə öz təşəkkürünü bildirmək üçün onun yanına gəldilər”.

Mənbələr:

  1. Nağı Keykurun. Nağı bəy Şeyxzamanlının xatirələri və İstiqlaliyyət fədailəri. Bakı-2007.
  2. Азербайджан в период Первой Мировой войны. Сборник научных статей. Баку-2014.

Ən Çox Oxunan