24.1 C
Gence
24.1 C
Gence

Gəncəli Xudadat bəy Rəfibəyli: ermənilərlə mübarizə apardığı üçün güllələnmişdir

Xudadat bəy Rəfibəyli 12 yanvar 1878-ci ildə (bəzi mənbələrə görə 1877-ci il) Gəncə şəhərində anadan olub. Azərbaycanın ilk ali təhsilli cərrah həkimlərindən biri olub. Rəfibəyli ictimai-siyasi xadim, həkim Həsən bəy Ağayevlə birlikdə Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyətini “Gəncə tibb cəmiyyəti”ni yaratmışdır.

Gəncə Klassik kişi Gimnaziyasında orta təhsilini bitirdikdən sonra, Xudadat bəy Ukraynanın Xarkov İmperator Universitetinin tibb fakültəsinə daxil olmuşdur.

1907-ci ildə Gəncəyə qayıdıb, şəhər xəstəxanasına direktor təyin olunmuşdur. Xudadat bəy 1909-1916-cı illərdə Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilmişdir. 1916-cı ildə isə III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur.

Rəfibəyli 1917-ci ilin martında Gəncədə Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdi.

28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır və Rəfibəyli ilk səhiyyə və himayədarlıq naziri vəzifəsinə təyin olunmuşdur. 18 sentyabr Cümhuriyyət hökuməti Bakıya köçdükdən sonra, Xudadat bəy xalq səhiyyəsi naziri vəzifəsinə təyin edilmişdir və bir müddət sonra bu vəzifəni tərk etmişdir.

1919-cu ildə Rəfibəyli Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin edilmişdir. O, ilk gündən Gəncə quberniyası ərazisində erməni-daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımın qarşısını almaq üçün mübarizə aparmağa başlamışdır.

Rəfıbəyli, ermənilər tərəfindən Qərbi Azərbaycandan qovulmuş 20 mindən çox azərbaycanlıları Gəncə mahalında yerləşdirmişdir. Onları ərzaq məhsulları ilə təmin edib, yaralılara və xəstələrə tibbi xidmət göstərmişdir.

Ermənilər 1920-ci ildə Xudadat bəyə erməni kəndlərinin yandırılması, quberniyanın erməni sakinlərinin sıxışdırılması kimi ittihamlar irəli sürmüşdülər. Bu ittihamlar əsasında 12 may Rəfibəyli bolşeviklər tərəfindən həbs olunmuşdur. 1 iyun 1920-ci ildə Xudadat bəy Rəfibəyli Nargin (Böyük Zirə) adasında güllələnmişdir.

Azərbaycan SSR Prokurorluğu 2 iyul 1990-cı ildə Xudadat bəy Rəfıbəyli barəsində açılmış cinayət işinə xitam vermişdir.

 

Mənbələr:

  1. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004
  2. Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları. Bakı-2018
  3. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018
  4. https://525.az/news/103248-cumhuriyyet-quruculari-xudadat-bey-refibeyli

Ən Çox Oxunan