24.7 C
Gence
24.7 C
Gence

Gəncəli Xalq rəssamı Xalidə Səfərovanın 95 illiyidir

Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olub.

O, 1941-ci ildə Gəncədən Bakıya köçüb və Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə (Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) daxil olub. 1949-1955-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (S. A. Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) Rəssamlıq fakültəsində təhsil alıb.

Xalidə Səfərovanın ilk diplom işi “Cəbhədən gələn məktub” olub. İkinci diplom işi isə şair Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasına çəkilən illüstrasiyalar olub. Rəssamın diplom müdafiəsində iştirak edən Bülbül təxəllüsü ilə tanınan SSRİ xalq artisti Murtuza Məmmədov, onun əl işini yüksək qiymətləndirmişdir. Hər iki əsər SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, daha sonra isə 1956-cı ildə Praqa (Çexiya) və Paris (Fransa) şəhərlərində keçirilən kinofestivallar çərçivəsində sərgilənmişdir.

Xalidə Səfərova yaradıcılığında əsasən peyzaj, natürmort, portret janrlarına üstünlük verib. Xalidə Səfərova yoldaşı rəssam Mahmud Tağıyev ilə 1947-ci ildə Bakıda keçirilən ilk birgə sərgisinə 70-ə yaxın rəngkarlıq və qrafika, 150-dən artıq peyzaj və natürmortla qatılıb. Həmçinin, 1960-cı illərdə idman mövzusuna aid kompozisiyalar ərsəyə gətirib. Xalidə Səfərova bəzi əsərlərini əməkçi insanlara həsr edib.

Xalidə Səfərova 1985-ci ildə Fransaya səfər edib. Sena çayının (Fransa) mənzərələrini, düzənliklərini çəkmişdir. Rəssam Fransada  “Paris Notr-Dam kilsəsi”, “Bənövşəyi gecə”, “Site” və s. əsərlərini yaratmışdır. Həmin səfər zamanı çəkdiyi əsərlərinin bir çoxu Fransanın Azərbaycandakı səfirliyinin sərgisində nümayiş etdirilmişdir.

1980, 1984 və 2002-ci illərdə Bakıda, 1988-ci ildə Moskvada rəssamın fərdi sərgiləri keçirilib. Müxtəlif illərdə əsərləri Rusiya, Türkiyə, Rumıniya, Macarıstan, Polşa, İsrail və başqa ölkələrdə sərgilənib. ABŞ, Almaniya, Rusiya, Türkiyə və Çexiyada Xalidə Səfərovanın əsərləri şəxsi kolleksiyalarda saxlanılır.

O, 1989-cu ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb. Rəssam 23 dekabr 2005-ci ildə, 79 yaşında Bakıda vəfat edib.

 

Mənbələr:

  1. X. Əsədova. Xalidə Səfərova. Bakı-2013
  2. https://medeniyyet.az/page/news/53666/Tebiete-vurgun-qelbin-rengler-dunyasi.html?lang=az
  3. https://www.baki-xeber.com/sosial/107250.html

Ən Çox Oxunan