22.5 C
Gence
22.5 C
Gence

Gəncəli Xalq Artisti: Mobil Əhmədov

Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə anadan olub.

O, 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Mobil Əhmədov 1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və Azərbaycanın opera müğənnisi Bülbülün sinfində oxuyub.

1961-ci ildə təhsilini bitirdikdən sonra o, Dövlət Radiosunun xorunda solist kimi fəaliyyətə başlayıb. Həmin ilin sentyabr ayında Mobil Əhmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (ADMKT) dəvət olunub. Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova kimi aktyorlarla çalışmağa başlayıb. Əhmədov bu haqda xatirələrində də yazmışdı: “Adımı ilk dəfə ADMKT afişalarında oxuyanda gözlərimə inansam da, fikrimdə reallığa çevirə bilmədim. “Doğrudanmı mən, indiyədək çox-çox uzaqlardan baxdığım bu nəhəng aktyorlarla çiyin-çiyinə çıxış edəcəyəm?!” kimi qəribə hislərə qapılırdım”.

ADMKT-da sənətkar 40 ilə yaxın çalışıb. O, bu müddət ərzində teatrın bir çox tamaşalarında əsas partiyaları ifa edib. Mobil Əhmədov musiqili komediyalarda “Sərvər” və “Rüstəm bəy” (“O olmasın, bu olsun”), “Əsgər” (“Arşın mal alan”), “Heydər bəy” (“Hacı Qara”), “Məhəmmədhəsən əmi” (“Danabaş kəndinin əhvalatları”) kimi rolları canlandırıb.

Həmçinin o, müəllim kimi Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Uşaq Filarmoniyasında, 22 və 6 saylı Musiqi məktəbində fəaliyyət göstərib.

Mobil Əhmədovun ifasında “Qarabağın qızları”, “Tez gəl”, “Göygöl”, “Küsmərəm” kimi mahnılar yer tutmuşdur. O, rəssamlıq sahəsində “Pikassonu düşünərkən”, “Süleyman Rüstəm”, “Tələbə qız”, “Mənim dostlarım” portretləri, “Tənha qayıq”, “Gəncə mənzərələri”, “Gəncə çayı” əsərlərini yaratmışdır.

Mobil Əhmədov 1978-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Sənətkar uzun müddət sürən xəstəlikdən sonra 2 iyun (bəzi mənbələrdə 3 iyun) 2006-cı ildə Bakı şəhərində vəfat edib və Gəncə şəhərində dəfn olunub.

 

Mənbələr:

  1. http://anl.az/el/emb/TEATR/aktyorlar/mobil_ehmedov.htm
  2. https://apa.az/az/xeber/incesenet-xeberleri/mobil-ehmedovun-90-illiyi-munasibetile-ustadimin-yolu-ile-adli-film-konsert-hazirlanib-660608
  3. http://musiqiliteatr.az/xeberler/551-musiqili-teatrda-xalq-artisti-mobil-hmdovun-xatirsi-yad-edilib.html
  4. https://www.youtube.com/watch?v=04Y77Jwlm_0&t=22s
  5. https://medeniyyet.az/page/news/20278/Senetde-Mobil-tonalligi.html

Ən Çox Oxunan