Nigar Xudadat qızı Rəfibəyli 23 iyun 1913-cü ildə Gəncədə həkim ailəsində anadan olub. Atası Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk ali təhsilli cərrahı və ilk səhiyyə naziri idi.
Nigara ilk olaraq mərhum bibisi Suğra xanımın adı verilmişdir. Lakin anası Cəvahir xanım, Nigar Xanım adlı bir türkiyəli şairənin “Əfsus” adlı şeirlər kitabını oxuyandan sonra, qızının adını Nigar qoymaq gərarına gəlir.
Nigar ilk təhsilini Gəncədə, sonra isə Bakı Pedaqoji texnikumunda almışdır. O, əmək fəaliyyətinə müəllimliklə başlayıb və bu illərdə bədii yaradıcılıqla məşğul olub. 1928-ci ildə Nigar Rəfibəylinin “Çadra” adlı ilk şeiri “Dan ulduzu” jurnalında dərc olunub.
1930-1932-ci illərdə Nigar Rəfibəyli Bakı kinostudiyası, sonralar isə fəhlə-gənclər məktəbində çalışıb. O, 1931-ci ildən “Azərnəşr”-də bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrini tutub. Nigar 1932-1936-cı illərdə Moskvada Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.
1934-cü ildə şairənin “Şeirlər” adlı ilk kitabı nəşr olunmuşdur. Nigarın “Zəfər nəğməsi”, “Anaların səsi”, “Yol xatirələri”, “Dənizin səsi gəlir” kimi başqa kitabları da nəşr olunub.
Nigar Rəfibəyli bir neçə mahnıların söz müəllifidir. Bəstəkar Emin Sabitoğlu Nigarın “Aman ayrılıq”, “Güllərim”, “Dağları duman alanda” və “Ala gözlüm” şeirlərlərinə musiqi bəstələyib.
Nigar Rəfibəyli tərcüməçi kimi də fəaliyyət göstərib. O, Məhsəti Gəncəvinin rübailərini, Anton Çexov, Aleksandr Puşkin, Mixail Lermontov, Adam Mitskeviç və başqalarının əsərlərini azərbaycan dilinə tərcümə edib. Həmçinin şairənin öz əsərləri də xarici dillərə tərcümə olunub.
Nigar 1967-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 1981-ci ildə “Xalq şairi” fəxri adlarına layiq görülmüş, “Şərəf” nişanı və digər orden və medallarla təltif olunmuşdur.
Nigar Rəfibəyli 9 iyul 1981-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
Mənbələr:
- Şanlı nəsillərin yadigarıyam. Bakı-2018.
- https://kulis.az/news/31666
- http://azhistorymuseum.gov.az/az/news/666
- https://www.youtube.com/watch?v=SL6VpPSbsb8