23 C
Gence
18.5 C
Ganja

Gəncəli sənətşünas Bayram Hüseynli

Bayram Xəlil oğlu Hüseynli 22 mart 1923-cü ildə Gəncədə anadan olub.

O, ilk musiqi təhsilini Gəncədə alıb və 1941-ci ildə indiki Gəncə Musiqi Kollecinə

daxil olub. Bayram Hüseynli 1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsində təhsilini davam etdirib. O, həmçinin təhsil almaqla yanaşı, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblında çalışıb, ansamblın instrumental qrupuna rəhbərlik edib. Hüseynli Gəncə Dövlət Filarmoniyasında xormeyster işləyib.

Bayram Hüseynli 1959-1962-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və Incəsənət Institutunun aspiranturasında təhsil alıb. O, 1966-cı ildə sənətşünaslıq namizədi elmi dərəcəsini alıb. Hüseynli 1972-ci ilə qədər institutda elmi işçi kimi çalışıb və folklor tədqiqatları aparıb.

Sənətşünas 1970-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib. O, 1991-ci ildə kafedranın professoru seçilib. Həmçinin Hüseynli uzun müddət Konservatoriyanın xalq musiqisi kabinetinə rəhbərlik edib.

O, 1972-ci ildən SSRİ Bəstəkarlar İttifaqı Xalq Musiqisi Yaradıcılığı Komissiyasının daimi büro üzvü, 1980-ci ildən isə Beynəlxalq folklor festivallarının Sovet Komitəsinin YUNESKO tərəfindən təsdiq edilmiş fəxri üzvü seçilib.

Hüseynli Azərbaycan Bəstəkarlar İttifaqı folklor bölməsinin sədri vəzifəsində çalışıb. Bəstəkar folklor problemləri ilə bağlı SSRİ miqyasında keçirilən elmi-praktik konfranslarda məruzələr edib. O, burada Azərbaycan folklor mədəniyyətinin tədqiqi və təbliği ilə məşğul olub.

Həmçinin Hüseynlinin xalq musiqi nümunələrinin toplanması, sənədləşdirilməsi, yazıya alınması sahəsində xidmətləri olmuşdur. O, xalq rəqs musiqisini araşdırıb, yallı, halay kimi rəqs janrlarına aid nümunələri toplayaraq sistemləşdirib, xalq rəqslərinin təsnifatını verib. Professor Azərbaycan instrumental rəqs musiqisini ilk dəfə elmi səviyyədə tədqiq edib.

Bayram Hüseynli 1992-ci ilin iyul ayında Bakıda vəfat edib.

Mənbələr:

  1. http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=224
  2. https://musicacademy.edu.az/enenevi-musiqisi-gorkemli/357-bayram-huseynli.html
  3. Şifahi ənənəli Azərbaycan musiqisi, II (rəqslər). Bakı-2019.