10.3 C
Gence
10.3 C
Gence

Gəncəli memar Fərman İmamquliyev

Fərman İmamquliyev 1926-cı ildə Gəncədə anadan olub.

O, orta təhsilini Gəncə şəhər 3 saylı məktəbdə alıb. 1943-cü ildə İmamquliyev Tbilisi Dəmir Yol Mühəndisləri İnstitutuna daxil olsa da, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin memarlıq-inşaat fakültəsində təhsilini davam etdirib.

Fərman İmamquliyev təhsilini başa vurduqdan sonra, 1949-cu ildə Gəncəyə qayıdıb, Baş Memarın idarəsində əmək fəaliyyətinə başlayır. 1950-ci ildə onun layihəsi ilə şəhərdə bir sıra obyektlər inşa edilir. Həmin vaxt o, Dəmiryol idarəsinin binası, indiki Gəncə Dövlət Dram Teatrı və başqa binaların yenidənqurma və memarlıq layihələrinin müəllifi olur.

1951-ci ildə Fərman İmamquliyev Gəncənin Baş Memarı təyin edilir və bu vəzifəni 40 il icra edir.

1960-cı illərdə Baş Memar Şah Abbas məscidi ətrafı, şəhər istirahət parkı və inzibati meydanın yenidən qurulması və abadlaşdırılmasına, Univermaq, “Bakı” kinoteatrı, “Kəpəz” mehmanxanası və başqa binaların tikilməsinə nail ola bilib. Həmçinin bu illərdə şəhərdə bir neçə heykəl ucaldılıb.

1970-1978-ci illərdə Fərman İmamquliyevin iştirakı və Moskva Layihə İnstitutunun köməyi ilə şəhərin su-kanalizasiya planı hazırlandı, geniş tikinti işləri aparıldı. Gəncəçayın sağ sahilində bulvar salındı, çayın dayaq divarlarının qorunması, yatağın nizamlanmasına dair layihə hazırlandı.

Nizami məqbərəsi, Hacı Vaqifin türbəsi, inzibati meydan və Şah Abbas məscidinin ətrafının abadlaşdırılması, Xatirə parkının salınması, bulaqların tikilməsi, Mirzə Şəfi Vazehin və Füzulinin heykəlləri, İkinci Dünya müharibəsində həlak olan gəncəlilərin şərəfinə xatirə kompleksi Fərman İmamquliyevin layihələri əsasında yaradılıb.

Bu vəzifədə işlədiyi illər ərzində baş plana əsasən, şəhərdə Alüminium zavodu, Maşınqayırma,  Əlvan metal və çörək məmulatları zavodlarının, ət kombinatının,

Çini qablar, Sənaye-rabitə, “Billur” zavodları və Qənnadı fabriki müəssisələri inşa edilib.

Fərman İmamquliyev Əməkdar memar adına layiq görülüb, Respublika Memarlar İttifaqı Gəncə təşkilatının sədri, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü olub.

 

Mənbələr: 

  1. Gəncə böyük hərflə. №6. Gəncə-2007.
  2. http://anl.az/down/medediyyet_2006/medeniyyet2006_oktyabr_91.htm

Ən Çox Oxunan