Gennadi Demyanoviç Brijatyuk 30 yanvar 1935-ci ildə Gəncədə, hərbçi ailəsində anadan olub.
O, Bakıda Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub, lakin oranın qaydalarını tez-tez pozduğuna görə məktəbi yalnız 1958-ci ildə bitirib. Daha sonra Moskvada ali təhsil almaq istəyən Brijatyuk antirealizm ruhlu mövqeyinə görə imtahana buraxılmır və Azərbaycana qayıdır.
O, rəssamlıq fəaliyyətinə 1940-1950-ci illərdə, xüsusilə gül təsvirlərini çəkməklə başlayıb. Brijatyuk rəsmlərində peyzaj təsvirlərinə geniş yer verib, onların əksəriyyəti Abşeronla bağlıdır. Rəssam Abşeron rəssamlıq məktəbinin nümayəndəsi hesab olunur. Onun müxtəlif illərdə çəkdiyi “Bahar”, “Yay motivi”, “Köhnə şəhər”, “Neft mədənlərində”, “Qırx pilləkən”, “Qırmızı damlı ev” və s. rəsm əsərləri mövcuddur.
Brijatyukun əsərləri Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, bəziləri isə Moskva şəhərində yerləşən Azərbaycanın Rusiya səfirliyində saxlanılır. Həmçinin, rəssam xarici səfərlərdə olmasa da, onun bəzi əsərləri ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə və Almaniyada şəxsi kolleksiyalarda saxlanılır. Rəssamla şəxsi tanışlığı olan fotoqraf Hüseyn Hüseynzadə 40 il ərzində onun 300-dən çox tablosunu əldə edə bilib.
Brijatyuk rəssamlıqla yanaşı, şeir də yazmış, ancaq nəşr etdirməmişdir.
1992-ci ildə Brijatyuka Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adı verilmişdir.
Rəssam həyatının son illərini Bakı şəhərində, İstiqlaliyyət və Şeyx Şamil küçələrinin kəsişməsində yerləşən şəxsi emalatxanasında keçirib. O, evində müxtəlif ölkələrdən qonaqlar qəbul edib: Tretyakov Qalereyasının və Şotlandiya Kral Qalereyasının nümayəndələri, türk kolleksiyaçı Nahid Kabakçı, yeni zelandiyalı rəssam Mirey Abraxamson.
Fransız kinorejissor Jak Deyvis Brijatyuk haqqında sənədli film çəkib. 2019-cu ildə rəssama həsr olunmuş “Gennadi Brijatyuk və onun mənəvi dəyərlər dünyası (1935-2008)” kitabı nəşr edilib.
Gennadi Brijatyuk 11 iyun 2008-ci ildə Bakıda vəfat edib.
Mənbələr:
- Баннаева Н. Одиночество пьяных роз // Азербайджанские известия. – 2008. – 13 августа. -С. 3
- http://www.anl.az/down/meqale/ameanax_axtarishlar/2019/03/779068(meqale).pdf
- https://ourbaku.com/index.php/%D0%91%D1%80%D0%B8%D0%B6%D0%B0%D1%82%D1%8E%D0%BA_%D0%93%D0%B5%D0%BD%D0%BD%D0%B0%D0%B4%D0%B8%D0%B9_%D0%94%D0%B5%D0%BC%D1%8C%D1%8F%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87_-_%D1%85%D1%83%D0%B4%D0%BE%D0%B6%D0%BD%D0%B8%D0%BA
- http://www.anl.az/down/meqale/azerbaycan/2020/iyun/712521.htm
- https://e-qanun.az/framework/6891