23 C
Gence
18.5 C
Ganja

Gəncəli Əməkdar rəssam Faiq Abdullayev

Rəssam Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə Gəncədə anadan olub.

O, təsviri sənət üzrə ilk təhsilini Gəncə şəhər Uşaq Rəssamlıq məktəbində alıb. Daha sonra Abdullayev Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1976-cı ildə o, V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Sənaye Məktəbini sənaye incəsənəti ixtisası üzrə bitirib.

Faiq Abdullayev Gəncəyə qayıdıb və sonra burada müxtəlif vəzifələrdə çalışıb. O, Məhsəti Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunda rəsm müəllimi, Gəncə şəhər Arxitektura və İnşaat şöbəsində, həmçinin Gəncə şəhər Tərtibat, Reklam və Dizayn şöbəsində rəssam işləyib.

Abdullayev Gəncədə “Kəpəz” bədii yaradıcılıq istehsalat mərkəzində rəssam kimi fəaliyyətini davam etdirib, Gəncə şəhər Uşaq Rəssamlıq məktəbində müəllim işləyib və məktəbin direktoru vəzifəsində çalışıb.

İncəsənət xadiminin Azərbaycanın müxtəlif şəhərlərində sərgiləri keçirilib. Bundan başqa, Faiq Abdullayevin 2003-cü ildə Ukraynanın Odessa şəhərində sərgisi təşkil olunub.

Rəssam Azərbaycanın və Ukraynanın fəxri fərmanlarına layiq görülüb. O, Əməkdar rəssam fəxri adını alıb.

Faiq Abdullayev 28 oktyabr 2020-ci ildə 75 yaşında vəfat edib.

Mənbələr:

  1. http://www.mct.gov.az/az/umumi-xeberler/13290
  2. https://medeniyyet.az/page/news/54539/Emekdar-ressam-Faiq-Abdullayev-vefat-edib.html