25.5 C
Gence
17.5 C
Ganja

Gəncəli Əməkdar rəssam: Asif Məmmədov

Asif Əli oğlu Məmmədov 1950-ci ildə Gəncə şəhərində anadan olub.

O, Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbini bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq Məktəbinə daxil olub.

Asif Məmmədov 1973-cü ildən Gəncədə rəssamlıq məktəbində pedaqoji fəaliyyətə başlayıb. O, 1980-ci illərin əvvəllərində Gəncənin bir çox mədəniyyət və təhsil müəssisələrinin binalarının miniatürlərlə, həmçinin milli koloritli digər rəsmlərlə bəzədilməsində fəal iştirak edib.

Məmmədov uzun müddət Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışıb. Bundan başqa, rəssam Azərbaycanın müxtəlif teatrlarında 55-ə qədər tamaşaya səhnə tərtibatı verib. Asif Məmmədov “Haray” bədii filminin quruluşçu rəssamı olub.

O, 1985-ci ildə SSRİ Rəssamlar İttifaqının və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü seçilib. Asif Məmmədov 4 mart 1992-ci ildə Azərbaycanın Əməkdar rəssamı adına layiq görülüb. Rəssamın onlarla fərdi sərgisi təşkil olunmuşdur və əsərləri Azərbaycandan başqa, Türkiyə, Rusiya, Almaniya və İranın şəhərlərində yayılmışdır.

Məmmədov ömrünün son illərində Türkiyənin İstanbul, Almaniyanın Frankfurt şəhərlərində rəssam kimi fəaliyyət göstərib. O, Frankfurt şəhərinin muzey və qalereyaları üçün 80-ə qədər Azərbaycan miniatürləri işləyib.

Asif Məmmədov 2001-ci ildə, 51 yaşında vəfat edib.

Mənbələr:

  1. Gəncə böyük hərflə. №9. Gəncə-2007.
  2. https://frameworks.e-qanun.az/6/f_6889.html
  3. Foto:Gəncə böyük hərflə. №9. Gəncə-2007.